DİN kibertalama ilə bağlı əhaliyə müraciət edib

Hit: 886
DİN kibertalama ilə bağlı əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib.
 
Faktor.az xəbər verir ki, müraciətdə kibertalamaya məruz qalma risklərinin gündən-günə artdığı bildirilib.
 
"Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın", - müraciətdə qeyd olunub.
 
Həmçinin, vurğulanıb ki, kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir, sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onun sözlərinə görə, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub, ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
 
"Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, TikTokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb", - məlumatda bildirilib.








Redaktorun seçimi