Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq - Aprel döyüşləri qazisi

Hit: 883
Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq - Aprel döyüşləri qazisi
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunandan - 1994-cü ilin mayından 2016-cı ilin aprelinə qədər demək olar ki, hər gün cəbhədə düşmən təxribatının şahidi olurduq. Həmin təxribatlara hər dəfə layiqli cavab verilsə də, düşmən bundan nəticə çıxarmırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı pik həddə çatdı. Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrin ağır silahlardan atəşə tutması, artilleriya mərmilər atması nəticəsində sakinlər arasında yaralananlar və həyatını itirənlər oldu. Buna qarşılıq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Təbii ki, 22 il ərzində Azərbaycan ordusunun arsenalı ən müasir silah, texnika ilə təchiz edilməklə yanaşı, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması, dünyanın müxtəlif ölkələrində hərbi kurslarda, təlimlərdə iştirak etməsi, öz bilik və bacarıqlarını inkişaf etdirməsi diqqət mərkəzində olmuşdu. Bunun nəticəsidir ki, hərb yarışlarında Azərbaycan xüsusi təyinatlıları dəfələrlə dünya xüsusi təyinatlıları arasında birinci olub, tankçılarımız, artilleriyaçılarımız, istehkamçılarımız ilk üçlükdə qərarlaşmışdılar. Bütün bunlar Azərbaycan Ordusunun nə qədər inkişaf etdiyinin göstəricisi idi. Aprel döyüşləri 22 il ərzində Azərbaycan Ordusunun yığdığı bilik, bacarıq və döyüş təcrübəsini məhz real döyüş şəraitində tətbiq etməyə, eyni zamanda, Ermənistan ordusunun zəif nöqtələrini aşkarlamağa şərait yaratdı.
 
Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.
 
Ə.Mehdiyev Aprel döyüşləri zamanı Azərbaycan ordusunun demək olar ki, çox kiçik bir bölmələrinin - kəşfiyyat xüsusi təyinatlı hərbi hissələrinin döyüş əməliyyatlarına cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, istər cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Lələtəpə yüksəkliyinin, istərsə də Goranboy-Tərtər-Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Azərbaycan ordusunun böyük uğuru oldu. Aprel döyüşləri nəticəsində Azərbaycan ordusu 2 min hektar ərazini tam azad etdi, eyni zamanda, minlərlə hektar strateji ərazi silahlı qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Ermənistanın 20 ildən artıq formalaşdırmış olduğu keçilməz “Ohanyan” səddini darmadağın etdi. Ən əsası dördgünlük müharibədə əldə edilən Zəfər xalqın Azərbaycan Ordusuna inamını özünə qaytardı.
 
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Aprel döyüşlərində iştirakı haqqında da məlumat verərək deyib: “Düşmən təxribatının qarşısının alınması üçün yuxarı komandanlıqdan qarşımıza döyüş tapşırığı qoyuldu. Xüsusi təyinatlı tabor tərkibində bölmə ilə birlikdə hərbi hissənin xüsusi əməliyyat briqadası düşmən təxribatının qarşısını almaq üçün Talış yüksəklikləri uğrunda döyüşə qatıldı. Qısa müddət - 40-45 dəqiqə ərzində düşmənin ön xəttini yardıq. Biz ön xətti yaranda onlar bir neçə dəfə pusqu qurdular. Elə hesab edirdilər ki, açdıqları atəş nəticəsində bizim bölmədə olan şəxsi heyətin bir qismi ya şəhid olub, ya da yaralanıb. Ancaq biz ərazi relyefindən düzgün istifadə edərək irəliləməyə davam elədik və düşmən səngərlərinə daxil olduq. Düşmən duyuq düşəndən sonra isə üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərlərini qorxuya saldı. Demək olar ki, postlardakı 10-a qədər əsgərdən 2-3-ü döyüşçülərimiz tərəfindən məhv edilən kimi digər erməni əsgərləri “052 xüsusi təyinatlılar” gəldi deyib öz yaralılarını, ölülərini, silah-sursatlarını, mühafizə və müdafiə təşkil etdikləri mövqeləri atıb qaçmağa başladılar. Qısa müddətdə biz o postlarda, yüksəkliklərdə möhkəmləndik. Ermənilər bizimlə üzbəüz döyüşə tab gətirə bilmədiyi üçün qarşı tərəfdə dağların ətəyində yerləşən mövqelərindən olduğumuz mövqelərə minaatan, özüyeriyən artilleriya, tanklarla atəş açmağa başladılar. Növbəti iki gün ərzində dəfələrlə əks-hücum əməliyyatları həyata keçirsələr də, Azərbaycan Ordusu, artilleriya qoşunları dəqiq zərbələrlə onları geri otuzdurdu.
 
Biz xüsusi təyinatlılar döyüşdə qruplar və badilər şəklində hərəkət edirik. Qruplar şəklində təyin olunan say tərkibi olursa, badilər iki nəfərdən ibarət olur. Hər iki şəxs bir-birini qoruyur və bir-birinə cavabdehlik daşıyır. Aprelin 3-ü gecə düşmən tərəfi əks-hücum əməliyyatı həyata keçirməyə cəhd etdi. Həmin vaxt onlarla döyüşə-döyüşə mövqeləri qoruyub saxladıq. Uğursuz həmlənin ardınca artilleriya mərmilərindən, qradlardan atəş açmağa başladılar. Dəfələrlə minaatan mərmiləri yaxınlığımıza düşsə də, ərazi relyefindən düzgün istifadə edərək mərmilərin partlayışından yayına bilirdik. Hücumlarının nəticəsiz olduğunu görüb bizi tanklarla vurmağa başladılar. Artıq aprelin 3-ü səhər 5 radələrində Suqovuşan istiqamətdən qrad mərmilərinin atəşinə məruz qaldıq. Reaktiv yayılım mərmilərinin bir neçəsi bizim yaxınlığımıza düşdü. Mən badim Şəhriyar Eyvazovla idim, mərmi bizim bir neçə metrliyimizə düşdü. Xoşbəxtlikdən təpənin üstündə idik, mərmi isə təpənin altına düşmüşdü. Güclü partlayış dalğası mən və badimi 5-6 metr kənara ataraq yerə möhkəm çırpdı. Nəticədə hər ikimiz ağır kəllə-beyin travması aldıq, onurğa beynimiz zədələndi. Ayaqlarımızdan qəlpə yaraları alsaq da, xoşbəxtlikdən qəlpələrin çox hissəsi bizi tutmamışdı. Digər silahdaşlarımız bizi döyüş meydanından təxliyə etdilər. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir ilə qədər müalicə olundum və hərbi həkim komissiyasının qərarı ilə 2017-ci ilin iyununda səhhətimdə yaranan problemə görə ehtiyata buraxıldım. Hazırda ikinci qrup Qarabağ qazisiyəm”.
 
XTQ-nin ehtiyatda olan zabiti Aprel döyüşləri nəticəsində bütün dünyanın ordumuzun gücünü gördüyünü, eyni zamanda, Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun öz tarixi torpaqlarını azad edəcəyinin şahidi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Aprel döyüşlərindən sonra Ermənistanın yüksəkrütbəli hərbi qulluqçuları, generalları ordudan qovuldular, siyasi hakimiyyət dəyişikliyi baş verdi. Həmin dövrlərdə Azərbaycan gənclərinin Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşmək istədiklərini bildirməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin dörd gün ərzində hər kəsin qəlbi Qarabağla döyünürdü. Azərbaycandan fərqli olaraq isə Ermənistan ordusunda həm əsgərlər, həm də yüksəkrütbəli zabitlər arasında çoxlu sayda fərarilik hallarının olduğunun şahidlik etdik. Ən əsası Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə əldə etdiyimiz Qələbə üçün bir başlanğıc, mayak oldu. Təsadüfi deyil ki, dördgünlük müharibədə əldə edilən Zəfərdən ruhlanan Azərbaycan ordusu uğurlarını davam etdirdi. İstər Cünnüt əməliyyatı, istər Tovuz hadisələri, istər 44 günlük Vətən müharibəsi, istərsə də son antiterror əməliyyatları Azərbaycan ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığının, orduda olan vətənpərvərlik ruhunun, qarşıya qoyulan bütün tapşırıqları layiqincə və dəqiq yerinə yetirmək əzmində və gücündə olduğunun göstəricisidir. Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı. Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli Bayrağımız qürurla dalğalanır.








Redaktorun seçimi