Vilayət Eyvazov Şamaxıda qəbul keçirdi - VİDEO
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Faktor.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir əvvəlcə Şamaxı rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra rayon polis şöbəsinin binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.