Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib

Hit: 445
Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib
Martın 16-da Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsinə dair Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.
 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
 
Təqdimatda hərbi qulluqçular, onların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.
 
Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev bildirib ki, hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident, Ali Baş Komandanımız İlham Əliyevin tapşırığı əsasında Novruz bayramı ərəfəsində həmin mənzillərin bir qisminin açarları təqdim olunur. Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik və bu bizi xidmətimizdə daha da yüksək nailiyyətlər əldə etməyə sövq edir.
 
Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla “Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası” tərəfindən verilib.
 
Qeyd edək ki, mərasimdə 160-dan çox şəxsə mənzillərin sənədləri təqdim olunub.
 
Mənzil sakini, polkovnik-leytenant Vüqar Əzizov və digərləri hərbi qulluqçuların mənzil-məişət problemlərinin həll olunmasına, göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
 
“30 ildən artıqdır ki, doğma Ordumuzun sıralarında xidmətimi davam etdirirəm. Xidmətim boyu hərbi anda sadiq qalaraq, Azərbaycan Ordusunun hərbi qulluqçu adını qorumaq naminə səylə çalışıram. Xidmətdə qazandığım uğurlar daima komandanlığın diqqətində olub, dəfələrlə fəxri fərmanlar, orden və medallarla təltif olunmuşam.
 
Hesab edirəm ki, dövlətimiz tərəfindən daimi mənzillə təmin olunmamız ailəmiz üçün ən böyük hədiyyə, hərbi qulluqçuya verilən çox böyük dəyərdir.
 
Ailəmizə belə gözəl anı yaşadan hər kəsə, xüsusən də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm”,- deyə polkovnik-leytenant Vüqar Əzizov bildirib.








Redaktorun seçimi