Naxçıvanda doğum günü fevral ayında olan şəhidlərin xatirəsi anılıb

Hit: 410
Naxçıvanda doğum günü fevral ayında olan şəhidlərin xatirəsi anılıb
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə fevral ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.
 
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin, eləcə də tələbə-gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Naxçıvan televiziyasının doğum günü fevral ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 56 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, fevral ayında Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı faciəsi baş verib. Həmin qanlı hadisədə 613 həmvətənimiz xüsusi amansızlıqla qətlə yetirilib. Birinci və İkinci Qarabağ müharibələrində bu cür bədxahlarla müharibə aparmışıq. Lakin qarşısında “dəmir yumruğ”u görən mənfur düşmən bildi ki, güclü kimdir. Ali Baş Komandanımızın qətiyyəti və qəhrəman övladlarımızın səyi nəticəsində bu gün bayrağımız Xocalıda, Şuşada, Xankəndidə və digər əzəli torpaqlarımızda dalğalanır. İlk dəfə prezident seçkiləri bütöv Azərbaycanımızda keçirildi. Bu gün Qarabağımızı, Şuşanı, Xankəndini, Xocalını işğaldan azad edən qəhrəman şəhidlərimizin ruhları şaddır.
 
Azərbaycan Ordusunun bundan sonra daha da qüdrətlənəcəyini, Vətənimizin daha da çiçəklənəcəyini deyən Fuad Nəcəfli şəhidlərə Allahdan rəhmət diləyib, onların valideynlərinə səbir və qazilərə cansağlığı arzulayıb.
 
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov səlahiyyətli nümayəndəliyin dəstəyi ilə bu mövzuda ikinci tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, şəhidlər ölmür, daim yaşayır. Çünki şəhidlər torpağı qoruyub, bu yolda canından keçib. Şəhid qanı tökülən o torpaqlar hər birimiz üçün müqəddəsdir. Bu gün həmin torpaqlarda aparılan quruculuq işlərini, dalğalanan üçrəngli bayrağımızı, öz sahiblərinin yurd yerlərinə qayıdışını hər bir şəhid valideyni qürurla izləyir, fəxarət hissləri keçirir.
 
Şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev və şəhid leytenant Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva tədbirin təşkilinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Şəhid valideynləri gənclərə şəhidlərimizi unutmamağı, onların fədakarlıqlarını örnək götürməyi və geniş təbliğ etməyi tövsiyə edib.
 
“Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvü Samir Cəfərov döyüş xatirələrindən danışıb, Vətən oğullarının qəhrəmanlıqlarından bəhs edib.
 
Sonda Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının kollektivi şəhidlərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edib.








Redaktorun seçimi