Penitensiar xidmətdə anım mərasimi keçirilib - FOTOLAR

Hit: 836
Penitensiar xidmətdə anım mərasimi keçirilib - FOTOLAR
26.02.2024-cü il tarixdə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətdə anım mərasimi keçirilib.
 
1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Anım mərasimində Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov çıxış edib. Öz çıxışında hər il xalqımızın Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə andığını, şəhidlərimizin ruhuna dualar oxuduğunu qeyd edib.
 
Əsrimizin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu vurğulanıb. Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönəlmiş əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib.
 
Bu qanlı hadisəyə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərildiyi, bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət alan "Xocalıya ədalət" kampaniyasının fəaliyyəti xüsusi qeyd olunub, bu dəhşətli faciəni törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.
 
1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalanıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanla isə bu qanlı faciəyə tam qiymət verilib.
 
Bu il soyqırımın ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı. 2020-ci il sentyabrın 27-dən baş­layan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı.
 
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edildi. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını Xocalı şəhərində ucaltdı. Düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.
 
Tədbirin sonunda Xocalı hadisələrinə həsr olunmuş sənədli film nümayiş edilib, Penitensiar xidmətin əməkdaşları Xətai rayonunda ucaldılan Xocalı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
1
1
1








Redaktorun seçimi