“Əsgərin Kitab Rəfi” aksiyası çərçivəsində silsilə tədbirlərə start verilib - FOTOLAR

Hit: 302
“Əsgərin Kitab Rəfi” aksiyası çərçivəsində silsilə tədbirlərə start verilib - FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyası çərçivəsində “Məndən Başlanır Vətən” adlı silsilə ədəbi-bədii tədbirlərə start verilib.

Faktor.az xəbər verir ki, bu istiqamətdə ilk belə tədbir Azərbaycan Dillər Universitetində (ADU) baş tutub. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və tələbələr iştirak ediblər.
 
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla “Məndən Başlanır Vətən” adlı ilk silsilə tədbirin ADU-da keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Dillər Universiteti gənclərin hərtərəfli inkişafı sahəsində heç bir zaman öz dəstəyini əsirgəməyib və belə tədbirlər bunu bir daha əyani şəkildə nümayiş etdirir.
 
Azərbaycan Ordusunun sıralarında xidmət göstərən hərbi qulluqçuların savadlı, intellektual, vətənpərvər yetişməli və Vətəninə, dövlətinə sadiq tərbiyə olunmalı olduğunu bildirən Xalq yazıçısı, akademik Kamal Abdulla bu istiqamətdə olduqca böyük əhəmiyyətə malik “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasının işində uğurlar arzu edib.
Daha sonra çıxışçılar – Vətən müharibəsi iştirakçısı, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Ordusunun polkovniki, Əməkdar incəsənət xadimi, Zəfər Paradının ssenari müəllifi və aparıcısı Abdulla Qurbani gənclərin hərbi-vətənpərvərlik mövzularında təşkil olunan müxtəlif layihələrdə iştirakından söhbət açıblar. Natiqlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindən sonra xalqımızın yeni dövrə başlanğıcı məhz gənclərin hərtərəfli inkişafından asılıdır. Ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirlərində Azərbaycan gəncliyinin fəal iştirakı da məhz bu istiqamətdə görülmüş işlərin bariz nümunəsidir. Çıxışçılar bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrimiz və müstəqilliyimizin əbədi olacağına əminliyini ifadə ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, polkovnik, Əməkdar artist Cahangir Qurbanov və vokal qrupunun ifasında “Qələbəyə gedən yollar”, gənc vokalçı, Prezident təqaüdçüsü Atilla Məmmədovun ifasında “Azərbaycan”, Qarabağ qazisi, xanəndə Əvəzxan Əzizovun ifasında “Ana yurdum” və “Qəşəngdir”, həmçinin Azərbaycan Dillər Universitetinin tələbələrinin ifasında “Biz Vətənik, Vətən də biz” adlı nəğmə və kompozisiyalar təqdim olunub.
 
Tədbirin sonunda xatirə şəkli çəkdirilib, Azərbaycan Dillər Universiteti tərəfindən “Əsgərin Kitab Rəfi” aksiyası üçün toplanmış kitablar “İRƏLİ” İctimai Birliyinə təqdim olunub.
Xatırladaq ki, “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasının keçirilməsində əsas məqsəd əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitab toplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq işğaldan azad olunmuş ərazilərdəki hərbi bölmələrə təhvil verilib.
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi