Gənclər Fondunun Naxçıvanda filialı yaradılıb
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan Faktor.az-a bildiriblər ki, iclasda müzakirə olunan digər məsələlərlə yanaşı, Ulu Öndər Heydər Əliyevin “Azərbaycançılıq” və vahid Azərbaycan gəncliyi prinsipindən çıxış edərək Gənclər Fondunun Naxçıvan Muxtar Respublikasında filialının yaradılması qərara alınıb.
Beləliklə, Gənclər Fondu tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətlərə Naxçıvanda yaşayan gənclərin əlçatanlığının artırılması və fond tərəfindən reallaşdırılan layihələrdə onların daha fəal iştiraklarının təmin edilməsi üçün mühüm addım atılıb.
Eyni zamanda bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə fevralın 21-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu publik hüquqi şəxsi ləğv edilib.