AzTU və İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Hit: 188
AzTU və İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu
İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim heyəti, alim və mütəxəssisləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.
 
Əvvəlcə AzTU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar.
 
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyası naminə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə dövlət başçısı İlham Əliyevin müvafiq dövlət qurumları və alimlərin qarşısına mühüm strateji vəzifələr qoyduğunu söyləyib. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrə əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə ciddi tapşırıqların verildiyini bildirib.  
 
Akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, praktiki vəzifələr barədə məruzə ilə çıxış edib. İnstitutun əsas elmi problemləri və prioritetləri, bu elmi müəssisədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, elmi və texnoloji dəstək qrantları, AzScienceNet şəbəkəsinin xidmətləri, institutun kadr potensialı, həmçinin Azərbaycan Texniki Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlığın tarixi haqqında məlumat verib. Alim iki qurum arasında əməkdaşlıq çərçivəsində AzScienceNet şəbəkəsi, Data Mərkəz, Elektron Kitabxana və Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadənin nəzərdə tutulduğunu qeyd edib.
 
Daha sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edib. O, universitetin əsas fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr və prioritetlər, bu ali məktəbdə həyata keçirilən layihələr, əməkdaşlıq əlaqələri və s. haqqında ətraflı məlumat verib.
 
Vilayət Vəliyev İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib. Texniki Universitetin bu elmi müəssisənin qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb.
 
Professorun sözlərinə görə, AzTU-nun əsas prioritet istiqamətləri bilavasitə informasiya texnologiyalarının inkişafı, kibertəhlükəsizlik problemləri, süni intellekt həllərinin yaradılması kimi çox ciddi, aktual və ölkə əhəmiyyətli məsələlərin həllinə yönəlib.
 
Rektor AzTU-da İT Departamentinin yenidən qurulmasında İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin imkanlarından istifadə olunmasının vacibliyindən də danışıb. AzTU-nun İnformasiya Texnologiyaları İnstitutunda gedən rəqəmsallaşma və innovasiya proseslərinə inteqrasiyasının məqsədəuyğun olduğunu qeyd edib: “Bu, universitetin resurslarına qənaət edilməsi, yeni baxışların ortaya qoyulması və daha səmərəli elmi tədqiqatların aparılması üçün geniş imkanlar yaradacaq”.
 
Vilayət Vəliyev eyni zamanda AzTU tərərfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi istiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında məlumat verib.
 
Tədbirdə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev də çıxış edərək kibertəhlükəsizlik ixtisası üzrə SABAH Magistri Proqramında təhsil alan magistrantların hazırlığının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirilməsi, mövzuların seçilməsi və rəhbərlərin təyin olunması ilə bağlı məlumatları diqqətə çatdırıb. Eləcə də institunun “Problems of Information Technology” jurnalının beynəlxalq elmmetrik bazalarda indeksləşdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili barədə məlumat verib.
 
İclasda həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, İKT kurslarının, konfrans, seminar və dərslərin təşkili, elmi-ekspertiza fəaliyyətinin  həyata keçirilməsi, dərsliklərin, tədris resurslarının hazırlanması, tərcümə olunması və s. istiqamətlərdə geniş fikri mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul edilib.








Redaktorun seçimi