Almaniya jurnalı bu ölkədə klinika direktoru olan azərbaycanlı barədə məqalə dərc edib

Hit: 275
Almaniya jurnalı bu ölkədə klinika direktoru olan azərbaycanlı barədə məqalə dərc edib
“Time is brain” birbaşa tərcümədə “Vaxt beyindir” kimi mənasını verir. Yəni, insult keçirən xəstələr nə qədər tez müalicə olunarsa, daimi əlilliyin qalma ehtimalı az olar.
 
Faktor.az xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Troisdorf GFO Klinikasının direktoru tibb elmləri doktoru, dosent Nuran Abdullayev bu ölkənin “GFO Magazin” jurnalına müsahibəsində deyib.
 
Jurnalda azərbaycanlı həkimlə bağlı qısa arayış da verilib: Nuran Abdullayev Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəridir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə cavabdeh olan klinikanın rəhbəri olmaqla o, bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradioloji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya Almaniyada məhz Nuran Abdullayevə həvalə olunub.
 
“İnsult keçirdiyiniz zaman hər dəqiqə önəmlidir. İlkin simptomlardan terapiyanın başlanmasına qədər olan vaxt uğurlu müalicə üçün çox vacib amildir”, - deyə həkim əlavə edib. Həmyerlimiz müsahibəsində bildirib ki, insult xəstələrinin diaqnostikası və müalicəsində yeni standartlar və üsullar tətbiq etmək niyyətindədir. İxtisaslaşdığı trombektomiya kimi ən son müalicə üsullarının köməyi ilə insult keçirən xəstələrin müalicəsini əhəmiyyətli dərəcədə sürətləndirmək istəyir. Trombektomiya qan damarından böyük qan laxtasının (trombun) mexaniki çıxarılması üçün olunan cərrahi əməliyyatdır.
 
Almaniyanın Troisdorf şəhərində fəaliyyət göstərən Nuran Abdullayev GFO Klinikasında bu metodun tətbiqini qarşıdakı aylarda tətbiq edəcək. Soydaşımız trombektomiyanı – beyin damarlarından trombların (qan laxtalarının) mexaniki çıxarılmasını – kəskin insult terapiyasında ən mühüm neyroradioloji inkişaflardan biri kimi görür. “Tombektomiya insult müalicəsində kvant sıçrayışıdır. Bu, bir çox xəstəni ciddi əlil qalmaqdan xilas edir. On beş il əvvəl bunu təsəvvür etmək çətin idi. Bu, insult terapiyasında yenilikdir. İnsultların təxminən 80-85 faizi beyin damarının qan laxtası ilə kəskin tıxanması nəticəsində baş verir. Ətrafdakı toxuma artıq oksigen və qida ilə təmin oluna bilmir və zədələnir. Təsirlənmiş xəstələrdə, məsələn, iflic əlamətləri olur. Əgər görüntüləmə beyin damarının və penumbranın tıxanmasını aşkar edərsə, beynin xilas edilməli olan sahəsi mövcuddursa, bu halda trombektomiya əməliyyatına tibbi göstəriş var”, - deyə Dr. Abdullayev əlavə edib.
 
Direktor təkcə sertifikatlı tromboektomist deyil, həm də Köln Universitet Xəstəxanasında işlədiyi müddətdə nevrologiya və neyroradiologiya sahəsində beynəlxalq korifeylərlə insult və trombektomiya mövzularında beynəlxalq miqyasda əsaslı tədqiqat layihələrində və tədqiqatlarda iştirak edib. O, yeni və xüsusilə effektiv trombektomiya üsulları və strategiyalarını araşdıraraq tədqiqat qrupu ilə birlikdə bütün dünyada insult müalicəsində yeni standartlar müəyyən edib.








Redaktorun seçimi