“ASAN xidmət” SPECA sərgisində innovativ həllərini təqdim edib

Hit: 303
“ASAN xidmət” SPECA sərgisində innovativ həllərini təqdim edib
Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi başa çatıb.
 
Sərginin müxtəlif ərazilərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovativ həlləri və maketləri nümayiş etdirilib. 
 
Rəqəmsal inkişaf və innovasiyalar blokunda süni intellekt əsasında fəaliyyət göstərən “RoboRek” robotu, “ASAN xidmət” mərkəzlərində vətəndaşların qarşılanması üçün nəzərdə tutulan  “Holoqram” kimi innovativ həllər təqdim olunub. Həmçinin elektromobillərin qidalandırılması üçün “INNOLAND” tərəfindən hazırlanmış “Charge Box” elektrik qidalandırma stansiyaları,  ağıllı sistem əsasında fəaliyyət göstərən əlil arabası mexanizmi burada quraşdırılıb.  
 
İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı blokunda video, animasiya, musiqi və digər qrafiki təsvirlərini özündə birləşdirən “Ağıllı kitab” nümayiş olunub.
 
Azərbaycan Milli Stendinin mərkəzində isə “ABAD”çı sənətkarların hazırladıqları əl işləri sərgilənib.
 
Açıq hava ərazisində isə Səyyar ASAN xidmət avtobusu yerləşdirilib. 
 
Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirmək olub.








Redaktorun seçimi