“ASAN xidmət” “Peşəkar 100 il” idarəçilik marafonunu reallaşdırır

Hit: 417
“ASAN xidmət”  “Peşəkar 100 il” idarəçilik marafonunu reallaşdırır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasimi keçirilib.
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş layihənin məqsədi gənc menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsi ilə tanış etməklə onların kadr potensialının formalaşmasına dəstək olmaqdır.
 
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və digər şəxslər iştirak ediblər.
 
Öncə Ulu öndər  Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Qonaqlar  müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıblar. Diqqətə çatdırılıb ki, məhz Ulu öndərin məqsədyönlü və müasir idarəçilik modeli Azərbaycan xalqının milli rifahının daha da yaxşılaşmasına və  dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə hədəflənib. 
 
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş, eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub. 
 
Ardınca “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun moderatorluğu ilə baş tutan müzakirələrin spikerləri “MilliKart” MMC-nin İdarə Heyətinin sədri Söhrab Fərhadlı, “Azəricard” MMC-nin baş direktoru Fərid Quliyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev və “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev olublar. 
2 ay boyunca davam edəcək və 100 nəfəri əhatə edəcək  “Peşəkar 100 il” idarəçilik marafonunda iştirakçılara müxtəlif istiqamətlərdə idarəçilik təlimləri və ustad dərsləri təşkil olunacaq. 
 
Qeydiyyat üçün link:
https://forms.gle/G9Gu423bWKcZRrxRA
 
Sponsorlar: “Rabitəbank” ASC, CHOCO ART 
 
Tərəfdaşlar: “ASAN Könüllüləri” Təşkilatı,  “Başkənt” restoran və şirniyyat evi, “CreaTime”, "Final çay"
 
Media tərəfdaşı: ASAN radio








Redaktorun seçimi