Ulu Öndərin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və YAP-ın təsis olunmasının 31-ci ildönümü münasibətilə Maştağa qəsəbəsi, Nəriman Nərimanov küçəsi 41 (7 saylı şəhər xəstəxanası) ərazi partiya təşkilatında ağacəkmə aksiyası keçirilib.
Giriş nitqi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Sirr deyil ki, Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət verib, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlayıb. Hazırda bu siyasət ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaradıb, ekoloji siyasətin əsasını qoyub.
ƏPT sədri Mirdamət Rəsulov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib.
Çıxış edən Sabunçu Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səkinə Yusibli qeyd edib ki, ekoloji problemlərə qarşı cəmiyyətimiz daha fəal olmalıdır. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.
Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun eldar şamları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.