Şəhidlərimizin ruhu yad edildi!
Azərbaycanın Vətən Müharibəsinə başlamasından üç il ötür. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq düşmən hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamaq barədə qərar verilmişdir.
Faktor.az xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Bu əlamətdar tarixi hadisə ilə əlaqədar Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımızın 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad edildiyini və bu böyük Zəfər sayəsində tarixi ədalətin bərpa olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradəsi, xalq, Ordu və Dövlət birliyi nəticəsində qazanılan Zəfər Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə ən mühüm qələbəsi kimi tarixə yazılıb. “44 günlük Vətən müharibəsinin davamı olaraq heç bir sutka tamam olmamış məqsədinə çatan lokal xarakterli antiterror tədbirləri ölkəmiz ərazisində suveren hüquqlarımızın bərpa olunması ilə nəticələndi. Baş verənlər böyük tarixi hadisələrdir. Qazanılan bu qələbələrin memarı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevdir”, - deyə qeyd edən nazir müavini ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiramını bildirib: “Bu gün Şəhidlərimizin ruhu şaddır! Qisasları alınıb və alınır! Siz daim bizimləsiz, qəlbimizdəsiniz, fəxrimizsiniz, Vətənin şəhid övladları!”
Həmçinin, vurğulanıb ki, bütün qurumlarda olduğu kimi, Penitensiar xidmətdə də bu gün Vətən müharibəsinin iştirakçılarına və şəhid ailələri üzvlərinə diqqət və qayğı ilə yanaşılır, onların işə qabul və digər məsələlərlə bağlı müraciətlərinə xüsusi həssaslıq göstərilir. Belə ki, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri orta və kiçik rəis heyətlərində, eləcə də mülki qaydada işlə təmin olunur. Hazırda davam edən işə qəbul prosesində bu kateqoriyadan olan vətəndaşların müraciətlərinə baxılmaqdadır.
Sonda nazir müavini Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olan həmkarlarımıza uğurlar arzu edib.
Anım mərasimində çıxış edən veteranlar keçdikləri döyüş yolundan söhbət açaraq, onlara göstərilən diqqət və qayğıya görə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.