“Elektron Akademiya” şöbəsi 268 məqaləyə DOİ identifikatoru verib

Hit: 494
“Elektron Akademiya” şöbəsi 268 məqaləyə DOİ identifikatoru verib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işlər nəticəsində AMEA-da elektron informasiya mühitində fəaliyyət daha da genişləndirilib, rəqəmsal transformasiyalar sürətlənib, elektron hərəkat başlanılıb, yeni-yeni istiqamətlərdə bir sıra zəruri addımlar atılıb. Şöbə internet resurslarından, müasir texnologiyalardan elmi tədqiqatların təşkilində və elmi idarəetmədə istifadə olunması, alimlərimizin nüfuzlu elmi bazalara daxil olan elmi jurnallarda nəşrlərinin sayının artırılması, milli-mənəvi dəyər kəsb edən məlumatların, elmi nailiyyətlərimizin açıq elektron nəşrlərdə müntəzəm yerləşdirilməsi, beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə AMEA-nın elmi tədqiqat müəssisələrinin, dövri elmi jurnalların, həmçinin alimlərimizin fərdi elmi tədqiqat fəaliyyətinin qiymətləndirilməsinə dair məlumatların monitorinqinin aparılması, elmmetrik araşdırmaların təşkili və s. sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
 
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova qeyd edib ki, ötən dövr ərzində “Elektron Akademiya” şöbəsinin əməkdaşları tərəfindən 5 veb-sayt yaradılıb, 268 məqaləyə DOİ (Rəqəmsal Obyekt İdentifikatoru) identifikatoru verilib. Həmçinin şöbənin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunub və qısa müddətdə bu virtual məkanda Azərbaycan, eləcə də xarici dillərdə 1300-dən çox məqalə yaradılıb, yaxud redaktə və ya tərcümə edilib. Bundan başqa, AMEA əməkdaşları tərəfindən “Google Scholar”da 625 yeni profil yaradılıb. Qeyd olunanlarla yanaşı, elektron sənəd dövriyyəsi istiqamətində fəaliyyətin daha da təkmilləşdirilməsinə, genişləndirilməsinə və sistemləşdirilməsinə ehtiyac duyulması nəzərə alınaraq AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” 2023-cü il 1 avqust tarixli Fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə keçirdiyi müşavirədə müvafiq tapşırıqlar verib. Tapşırıqlara əsasən, hazırda elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili barədə mövcud təkliflərin araşdırılması, AMEA-nın şəbəkə infrastrukturunun texniki təftiş edilməsi, elmi müəssisələr üzrə elektron sənəd mübadiləsi sisteminin istifadəsinə məsul şəxslər üçün təlimlərin təşkili və s. istiqamətlərdə işlər görülməkdədir.
 
“Əminliklə demək olar ki, AMEA-nın elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və sistemləşdirilməsi qarşıda duran başlıca vəzifələrdəndir. AMEA-nın üzərinə düşən bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanırıq”, - deyə N.Qəhrəmanova vurğulayıb.
 
Xatırladaq ki, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, elektron elmin inkişafının, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda cari ilin əvvəllərində “Elektron Akademiya” şöbəsi yaradılıb.








Redaktorun seçimi