Neftçalada yeni modul tipli məktəbin açılışı olub

Hit: 386
Neftçalada yeni modul tipli məktəbin açılışı olub
Neftçala rayonunun Şorkənd kəndində yeni tədris ilinin başlanması münasibətilə yeni tikilən modul tipli məktəbin açılışı olub.
 
Açılış mərasimində Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, RİH-in məsul şəxsləri, məktəblilər, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.
 
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
 
Görüşdə çıxış edən Şirvan- Salyan RTİ müdiri Sənan Mənsimli, məktəbin direktoru Fərqanə Ağalarova, məktəbin məzunu, Vətən müharibəsi qazisi Kainat Qurbanov çıxış edərək məktəbliləri və müəllimləri yeni tədris ili münasibətilə təbrik ediblər, göstərilən diqqət, qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
 
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Təhsil strategiyasının Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsindən, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikada, o cümlədən ucqar ərazilərdə belə yeni müasir tipli təhsil ocaqlarının istifadəyə verilməsindən, işğaldan azad olunan ərazilərimizdə müasir dövrün tələblərinə uyğun məktəblərin inşa olunmasından, rayon təhsilində əldə olunan yüksək nəticələrdən danışıb. Qeyd olunub ki, yeni açılışı olan təhsil korpusunun da Neftçala rayonu Şorkənd kənd məktəbinin şagirdləri üçün yeni dövrün tələblərinə uyğun inşa edilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir. RİH-in başçısı məktəbin məzunu Vətən müharibəsi iştirakçısı Kainat Qurbanovu bu il ali məktəbə qəbul olunmasına görə, eyni zamanda yeni tədris ili münasibətilə məktəbin şagirdlərini və bütün təhsil ictimaiyyətini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirin sonunda yeni açılışı olan təhsil korpusunda yaradılan şəraitlə tanış olunub, binada Heydər Əliyev Fondunun dəstəyi ilə icma əsaslı bağçaya baxış keçirilib. Məlumat verilib ki, 96 şagird yerlik Şorkənd kənd modul tipli məktəb Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2022-ci il tarixli, 3257 say Sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət proqramı çərçivəsində inşa edilib, məktəbdə təllim-tərbiyənin və tədrisin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Məktəblə tanışlıqdan sonra şagirdlərlə və məktəb kollektivi ilə xatirə fotoşəkilləri çəkdirilib..








Redaktorun seçimi