Su polisindən uğurlu narkotik əməliyyatı

Hit: 1088
Su polisindən uğurlu narkotik əməliyyatı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
 
Belə ki, İdarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən kordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.
 
Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kilopqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər.
 
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə xidməti ərazilər olan Dövlət Qoruqları, Milli Parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlara müraciət edərək bildirir ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edərək icazə sənədini əldə edə bilərlər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə saxlanılan şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər. Su Polisləri tərəfindən həmçinin Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
 
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.








Redaktorun seçimi