"Həmd-Səna"nı mənə sevdirən ruhani və ya Hacı Şahin haqqında qeydlərim

Hit: 691
"Həmd-Səna"nı mənə sevdirən ruhani və ya Hacı Şahin haqqında qeydlərim

Alim haqqında deyirlər: “Alim öldü, aləm öldü”. Şəhidlər haqqında isə Quranın sözü ilə: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” – deyirlər. Hacı Şahini tanıyanlar onun qəfil ölümü ilə haqqında ürək yanqısı ilə yazırdılar. 

İndi də onun haqqında yazırlar. Gələcəkdə də yazacaqlar. Çünki bizlər üçün Hacı Şahin öz fikirləri, moizələri, xütbələri, bir sözlə, xatirələri ilə hər zaman diri olacaq. Onun dəfn mərasimində yaşanan insan izdiham, dəfnindən sonra məzarını ziyarət edənlərin ardı-arasının kəsilməməsi, qəbrinin gül-çiçəklərlə, şəhid fotoları ilə əhatə olunması, məzarı üzərində İslamın rəmzi olan bayraq və üçrəngli Dövlət bayrağımızın daimi dalğalanması bunun əyani sübutudur. Şübhəsiz ki, bu itki tək dindar camiə üçün deyil, bütövlükdə xalqımız üçün böyük, ağır itkidir. Çünki Hacı Şahin həyatımızın təməlini təşkil edən din haqqında aydın təsəvvürlər formalaşdıran, dini düzgün təbliğ edən, ictimai fəaliyyəti ilə daima seçilən istedadlı, əxlaqlı, savadlı, fədakar ruhanilərimizdən biri idi. Çox təəssüf ki o, cəmi 48 yaşında həyatla vidalaşdı … Allah rəhmət eləsin!

Hacı Şahinlə yaxın tanışlığımız 2014-cü ilə təsadüf etdi (bundan öncə onu yalnız bir kərə “Atv xəbər” proqramında gecə növbəsində işləyərkən Qədr gecəsi günü Məşədi Dadaş məscidində çəkilişdə görmüşəm). 7 iyul həmdə onun ad günü idi. O zaman “Azad Azərbaycan” 106.3 FM radiosunda Müqəddəs Ramazan ayı boyunca “İftar vaxtı” adlı veriliş efirə çıxırdı. Mən həmin verilişin aparıcısı idim. Verilişdə müxtəlif mənəvi, dini mövzulardan bəhs olunurdu. Mənim üçün bu verilişdə keçən dəqiqələr çox bərəkətli və yaddaqlan olub. Hətta ruhani qonaqlarımız da bu verilişdə zamanın necə sürətlə keçdiyinə təəccüb edirdilər. Yəni söhbətlərimiz çox maraqlı alınırdı. Necə deyərlər sözümüz tuturdu. Çünki mən də dini söhbətlərə həvəsli idim. Hacı Şahin 2016 və 2017-ci illərdə də sözügedən verilişdə qonağım olub. Həmin radio verilişlərini indi də yutubda izləmək mümkündür. Hətta radio ilə paralel olaraq “Atv xəbər” proqramında çalışdığım üçün bu verilişin bəzi buraxılışlarını Xəbərlərdə də işıqlandırırdım. Hacı Şahin və digər dəyərli ruhanilərimizin iştirakı ilə çəkilən bu reportajlar mənim üçün televiziya fəaliyyətimdə olduqca yaddaqalan olub. Çünki eyni anda həm radio həm də televiziya üçün çalışırdım, yəni həm dinləyici həm də tamaşaçı auditoriyasının diqqətini cəlb etmək fürsəti əldə edirdim. Qeyd etməliyəm ki, bu görüşlərdə dəyərli jurnalist həmkarım, Hacı Şahinin yaxın dostlarından olan Hacı Elnur da iştirak edirdi. O da bu verilişin dəyərli qonaqlarından olub. Hacı Şahinlə ilk verilişdən sonra demək olar ki, dostlaşdıq. Halbuki həmin dövrdə o artıq “Məşədi Dadaş” məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi idi. Buna baxmayaraq aramızda olan yaş fərqini, mənim dini biliklərimin az olmasını heç vaxt üzə vurmurdu. Son dərəcə təvazökar və səmimi davranışları sayəsində ilk verilişdən sonra ünsiyyətimiz yarandı. Və bu ünsiyyət sonadək eyni qaydada davam etdi. Açığı o zaman gənc idim. Və Hacının hansı zirvənin aslanı olduğunu dərk edə bilmirdim. Məncə çoxları bunu son anadək dərk edə bilmirdi və bu cür nəhəng potensiala malik insanın varlığından çox az faydalana bildi.




(Foto: Hacı Şahinlə 106.3 FM-də “İftar vaxtı” verilişində, 07.07.2014)


(Foto: Bu fotonun özəl tarixçəsi var. Hacı Şahin ad günündə dəvətimi qəbul edib verilişə qonaq gəlmişdi. Ona kiçik bir hədiyyə-dini suvenir də təqdim etmişdim. İllər sonra müsahibələrini izləyən zaman təsadüfən həmin suvenirin onun iş otağını bəzədiyini görəndə çox sevindim. Çünki bu, Hacının mənə qarşı diqqəti və bu kiçik hədiyyəmə qiymət verməsi idi. Deyə bilərsiz ki, Hacıya məhz bu cür dini suvenirdən o vaxtadək bəlkədə yüzlərlə hədiyyə olunub, amma mən yenə də inanmaq istəyirəm ki, həmin suvenir mənim ona bağışladığım hədiyyə idi)

Son dövrlər Hacı Şahinin xütbələrinin daimi dinləyicisi idim. Onu dinləyəndə qəlbimdə aramlıq tapıram. Bu söhbətlər hər bir imanlı insanın qəlbindən xəbər verir. Şühbəsiz ki, xütbə dinləmək çoxlarına xüsusi ilə mənim yaşlarımda olanlara ilk baxışdan darıxdırıcı gələ bilər. Əslində Hacı Şahinə qədər mən də heç vaxt xütbə dinləmək həvəsində olmamışam. Məsələ burasındadır ki, namaza başlayandan sonra təbii olaraq duaya daha çox meyil göstərməyə başladım. Namazdan sonra ərəbcə müxtəlif dualar, ayələr də oxunur. Mən isə namazın sözlərindən başqa əzbər olaraq heç bir dua bilmirdim. Adətən xütbələrdə, o cümlədən Cümə xütbələrində imam xütbədən əvvəl həmd-səna, yəni Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq oxuyur. Həmin həmd-sənalar Hacı Şahinin dilində çox gözəl səslənirdi. Onu dinləməyi sevirdim. Və bir müddət demək olar ki buna adətkar olmuşdum. Hətta əksər hallada xütbəyə deyil, yalnız xütbənin əvvəlində səsləndirilən həmin bu duaya, yəni həmd-sənaya qulaq asır və ərəbcə sözlərini yadda saxlamağa çalışırdım. İndi əminliklə deyə bilərəm ki, Hacı Şahin mənə həmd-sənanı sevdirən ruhani olub. Sonralar daimi olaraq xütbələrə də qulaq asırdım. Və bu minvalla da onun bir şəxsiyyət kimi fitri istedadını, dərin zəkasını və gözəl əxlaqını kəşf etdim.


(Foto: Bu Hacı Şahindən vaxtıilə “ATV xəbər” proqramı üçün aldığım müsahibələrdən biridir. Vətən müharibəsi günlərinə təsadüf edən bu müsahibədə Hacı Şahin ermənilərin Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atması cinayətini şərh edir. Yeri gəlmişkən, bu müsahibəni günortadan sonra, tez-tələsik almışıq. Göründüyü kimi “əsr” vaxtıdır. Qeyd edim ki, Hacı Şahin ictimai fəaliyyəti ilə də seçilirdi və belə həssas dönəmdə onun fikirlərinə çox ehtiyac duyulurdu. Həmin gün isə Hacı vacib tədbirə tələsirdi. Mən isə bizdən asılı olmayan səbəblərdən müsahibə üçün bir qədər gec müraciət etmişdim. Buna baxmayaraq, redaktorumuz Hacı Elnurun da vasitəsi ilə Hacıya yetişə bildik. Bax həmən bu müsahibəni o, demək olar ki yolüstü verib. Halbuki az adam tapılar ki qaçaqaçda müsahibə versin. Çünki onun üçün xalqı maraqlandıran ictimai məsələlər hər şeydən öndə gəlirdi... Tarix: 15 oktyabr 2020-ci il).


Yəqin ki, çox az adam bilir ki, Hacı Şahin rus bölməsində təhsil alıb. Adətən dindar insanlara toplum cahil, qaragüruh gözü ilə baxır. Çünki bəziləri üçün din sırf doqmalardan ibarətdir, əslində isə din müstəsna tərbiyəvi əhəmiyyətə malikdir. Əcnəbi dil bilikləri isə tərəqqi göstəricisi sayılır. Necə ki, rusdilli insanlara qarşı bu belədir. Lakin bu fakt Hacı Şahini digər din xadimlərindən fəqrləndirən yeganə cəhət deyil. Axı rus dilini bilmək belə bir ziyalı insan üçün böyük hünər sayıla bilməz. Hacı sovet Bakısının ən seçilən məktəblərindən birində - 189 nömrəli məktəbdə təhsil alıb. Bu barədə o, fikirlərini eyni məktəbdə təhsil aldığı tanınmış aktyor, Əməkdar artist Bəhram Bağırzadənin kitabında da qeyd edib. Güclü pedaqoji tərkibə malik məktəb, daha sonra iki ali təhsil və nəhayət dini fəaliyyət ... Etiraf edək ki, bu hər kəsin qət edə biləcəyi həyat yolu deyil. Çünki din təbliğatçısı mütləq ki bu və ya digər şəkildə cəmiyyətin bir qisminin müqaviməti ilə qarşılaşır. Necə ki Hacı daima bu müqavimətlə üz-üzə olub və dinə qarşı çıxanlara, dini dəyərləri şübhə altına alanlara, bir sözlə, din düşmənlərinə sözlə, dəlil ilə, dəqiq məsəllərlə cavab verib. Buna isə hünər lazımdır. Hacı Şahin məhz belə hünərin sahibi idi. O əvvəlcə Azərbaycan Texniki Universiteti, sonra isə Bakı Dövlət Universitetini bitirmişdi. Və heç bir təhsili dinlə bağlı deyildi. Niyə məhz din? Çoxlarını düşündürən bu saula Hacı vəfatından cəmi 2 ay əvvəl “Həyatdakı missiyamız” mövzusuna həsr etdiyi Cümə xütbəsində belə cavab verib: “Mən iki ixtisas üzrə ali təhsil almışam: bir, texniki sahədə Texniki Universiteti bitirmişəm, bir də humanitar sahədə Bakı Dövlət Universitetinin tarix fakültəsini. Əvvəldən mənim ruhani fəaliyyəti ilə bağlı heç bir məqsədim, planım yox idi. Həyat elə tənzimləndi ki mən bu sahəyə gəldim. Və bu iki ixtisas əslində sonradan dini elmlərə yiyələnməkdə mənə kömək oldu. Ərəb, fars dillərini öyrəndim, mədrəsəyə getmədən dini dərsləri mənimsədim”. Onu da deyim ki, bəziləri dini təhsilinin olmamasını Hacıya irad tuturdular, amma məncə o, öz həyatdakı missiyasını bir çox irad bildirənlərdən qat-qat uğurla və şərəflə yerinə yetirdi. Şahin Həsənli İslamı ən gözəl tərzdə xalqımıza çatdırdı, təbliğ etdi. Və bütün qalan ömrünü məhz bu fəaliyyətə həsr etdi.


(Bu fotonun qısa tarixçəsi var. Foto peşəkar fotoqraf Tural Qasımov (1980-2023) tərəfindən Məşədi Dadaş məscidində 18 mart 2022-ci ildə, mənim ad günüm tarixində, Cümə xütbəsindən sonra çəkilib. Xoşbəxtlikdən həmin gün qeyri-iş gününə təsadüf etdi. Düşündüm ki bu gündə, xüsusi ilə İslamda müqəddəs olan Cümə günündə, özüm özümə edəcəyim ən gözəl hədiyyə kumirim Hacı Şahinlə xatirə şəkili çəkdirmək olar. Belə də etdim. Biz məscidə çatana yaxın artıq cümə xütbəsi bitmək üzrə idi. Gözlədik camaat getsin. Sonra Hacıya yaxınlaşıb əlindən öpmək istədim. İcazə vermədi. Hər ikimiz gülümsəyərək salamlaşdıq. Hal-əhval tutduq. Gəlişimizin səbəbini dedim. Soruşdu neçə yaşım tamam olur. Cavab verdim. Sonra şəkil çəkdirdik. Ətrafımızda olan insanlar da onunla söhbət etmək üçün növbələrini gözləyirdi. Hacının vaxtını çox almamaq üçün tez sağollaşdım. İndi başa düşürəm ki bu bir fürsət imiş. Çünki növbəti ad günüm tarixində Hacı Şahin artıq həyatda deyildi. Onun vəfatından sonra bu fotolar mənim üçün hər ötən gün daha qiymətli olur. Tarix: 18.03.2022).


(Foto: Hacı Şahin və dəyərli jurnalist həmkarım Hacı Elnurla Məşədi Dadaş məscidində).

Bu məqaləni niyə yazdım? Vaxtaşırı zaman-zaman sosial şəbəkə hesabımda Hacının yutubdakı çıxışlarının ibrətamiz hissələrdən qısa fikirlərini seçib paylaşırdım. Əslində onun bütün çıxışları, moizələri ibrətamiz sayılır, sadəcə bəzən kəskin reaksiya bildirdiyi məsələlər böyük maraqla qarşılanır. Maraq doğuran məsələlərə isə istər-istəməz qulaq asırlar. Razılaşaq ki, sosial şəbəkə gündəmini müxtəlif qeyri-etik davranışları, şiddəti, nadanlığı, məsxərə və bayağılığı əks etdirən xəbər və videoların zəbt etdiyi bir vaxtda, insanları əxlaqa, dürüstlüyə, fədakarlığa, mehribanlığa, məhəbbətə, səbr etməyə çağıran, bunları təşviq edən fikirlərin yayılmasına həqiqətən böyük ehtiyac var. Düşünürəm ki, bundan sonra da paylaşacam, çünki Hacının dilindən səslənən bu sözlər hər zaman aktuallığını qoruyur (çünki kim nə deyirsə desin əxlaq hər zaman dəbdə olacaq, əxlaqsızlıq isə gəldi-gedərdi). Onun Cümə xütbələri 1 saata yaxın davam edirdi. Qeyd edim ki, bütün məscidlərdə belə deyil və hər imam-camaat və ya axund, xütbə deyən də çıxışlarına bu qədər vaxt ayırmır. Buna bəlkədə heç ehtiyac da yox idi. Amma Hacı Şahin dini təbliğ etməklə yanaşı, maarifləndirmə işinə böyük önəm verirdi. Buna görə hər ayəni, hər hədisi təfərrüatları ilə, günümüzə aid misallarla izah edir və şərhini verirdi. Onu şübhəsiz ki, zəmanənin ən parlaq, görkəmli maarifçisi də adlandıra bilərik. Zənnimcə, Hacını bu tərəfdən tanımağımıza ehtiyac var. Çalışacam həmin Cümə xütbələrindəki söhbətlərdən bəzi məqamları qabardaraq fikrimi daha aydın çatdıra bilim. 20 ildən çox minbərlərdən xütbə dedi ...

Əvvəla onu deyim ki, şəhidlər mövzusu, xüsusi ilə 2-ci Qarabağ savaşından sonra, onun xütbələrində əsas yerlərdən birini tuturdu. 13 noyabr 2020-ci il Cümə xütbəsində tarixi Zəfərimizlə bağlı on dəqiqəlik çıxışına nəzər yetirək... Xalqımızı böyük qələbə münasibəti ilə təbrik edən Hacı Şahin, Azərbaycan əsgərinin tarixi missiyanı həyata keçirməklə eyni zamanda bəşəriyyətə xidmət etdiyini vurğulayır. Çünki bu Qələbə həmdə haqqın batil üzərində çaldığı qələbə idi. Hacı Şahin ordumuzun Qarabağda quldur bir dəstəni dəf etdiyini və müharibəyə yollanan gənclərimizin vətənpərvər ruhda yetişdirilməsində məscidlərimizin təkzibedilməz rolu olduğunu xüsusi qeyd edir. Bunu döyüş zamanı çəkilən çoxsaylı videolarda dini şüarların səsləndirilməsi və döyüşçülərimizin bundan ilhamlanaraq vuruşmaları da təstiq edir deyən Şahin Həsənli həmçinin qeyd edir ki, xalqımızın öz torpağını qaytaracağına heç zaman şübhə etməyib. Çünki bu xalq böyük bir xalqdır, dəyərlərə bağlıdır və həssas bir dönəmdə özünü bütün gözəllikləri ilə göstərdi. Ali Baş Komandanından tutmuş sıravi əsgərinə qədər torpaqları işğaldan azad etmək uğrunda səfərbər olduqlarını deyən Hacı yaşanan həmin anların xoşbəxt anlar olduğunu bildirir. Eyni zamanda bu Qələbənin çox böyük xeyirlərin müqəddiməsi olduğuna inandığını deyir. O həmçinin qeyd edir ki, biz, yəni indiki və gələcək nəsil, şəhidlərin amalına sadiq olmalıyıq. Çünki şəhid təkcə torpağı qaytarmadı, şəhid dəyərlərimizi, kimliyimizi bizə qaytardı. Şahin Həsənlinin fikrincə bu dəyərləri qorumaq, inkişaf etdirmək bu gün bir millət kimi diri qalanların vəzifəsidir. Yaşadığım dövrdə heç bir ictimai məsələ məni bu qədər sevindirməmişdi deyən Hacımız etiraf edir ki, bu qələbə bir millətin qürurunun, şəxsiyyətinin özünə qayıdışıdır. Onun sözlərinə görə, biz – Azərbaycan xalqı, əsrlərlə yaşatdığımız dəyərləri Vətən müharibəsində ortaya qoyduq. Şəhidlərimizə gəlincə, müharibədən sonra Hacı Şahin nə az nə çox on dörd cümə xütbəsini “Şəhid – həyat tərzi” mövzusuna həsr etməklə insanlara şəhidliyin önəmini, mənasını çatdırmağa çalışdı. Onun sözlərinə görə, şəhidlər həyata o qədər dəyər verirdilər ki, həyata nicat vermək, insanlara daha xoşbəxt güzəran bəxş etmək üçün ölümü qəbul etdilər. Onlar xoşbəxt həyatı təcavüzkarların əlindən qurtarıb insanlara bağışlamaq üçün şəhadətə çatdılar. Hacı Şahin izah edir ki, əslində İslamda şəhidlik adlı bir məqsəd yoxdur. Şəhidlik yalnız bir yolun nəticəsi ola bilər. Şəhidin məntiqi belədir: zəlillik, rəzillik, alçalmaq bizdən uzaqdır. Amma insanlara xoşbəxt həyat vermək üçün şəhidlik yeganə yol deyil. Bunun üçün çalışmaq lazımdır. Necə? Hacı Şahinin fikrincə, şəhid döyüş meydanına hansı məntiqlə gedirsə, hər birimiz iş-gücə, oxumağa, təhsilə, xidmətə, həyatın bütün sahələrində o məntiqlə getməliyik. Yəni fədakar olmalıyıq. Bu yanaşma hər bir insanın həyat tərzinə çevrilərsə həyatımız daha gözəl olar. Şəhidlik bax budur.


(Hacı Şahinin sosial şəbəkə hesablarında paylaşdığı Cümə xütbələrinin elanı).

Ağıllı adamlar qanun, haqq-ədalət axtaranda Allahın sorağına gedir. Hacı Şahin onu dinləyənləri həmdə düşüncənin önəmini dərk etməyə dəvət edirdi. Onun “Ağıl” mövzüsuna həsr etdiyi çoxsaylı Cümə xütbələrinin bu xüsusda önəmi böyükdür. Bu da əbəs deyil. Çünki dinimiz ağıla, hikmətə müstəsna yer verir. Müqəddəs kitabımız olan Quran ağıl sahiblərinin böyük nemətə malik olduqlarını xəbər verir. Belə ki, əl-Bəqərə surəsinin 269-cu ayəsində buyurulur: “Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz”. “Ağıl” mövzusunda moizə deyən Hacı Şahin ilk növbədə ağlın düzgün tərifini verir, onun qüdrətini izah edir. Onun fikrincə bu nəzəri-fəlsəfi mövzular deyil, əgər düzgün şərh edilərsə hətta insanların praktiki həyatına müsbət təsir edə və din haqqında yanlış təsəvvürləri dəyişə bilər. Bu mövzuda danışarkən Hacı Şahin önəmli və çoxlarını narahat edən ağıl və eşq mübarizəsi məsələsinə toxunur. O hesab edir ki, ağılla eşqin, yəni sevginin sözü birdir. Ağılla eşq bir birinə zidd anlayışlar deyil. Lakin günümüzdə guya insanlar eşqlərini ağıla zidd olduğu üçün bəzən qurban verməlidirlər kimi səhv stereotiplər mövcuddur. Onun sözlərinə görə, ümumiyyətlə, ağlın istəklərlə toqquşmaq bacarığı yoxdur. Ağıl yalnız yol göstərə bilər. Mübarizə meydanı isə istəklər arasındadır. İstəklərin bir biri ilə toqquşması ziddiyyət, çətinlik, sıxıntı yaradır. Ağlın istəklərlə toqquşması deyil. Bu mövzuda Hacı Şahin yənə də şəhidlik məqamını misal çəkir. O deyir ki, aramızdan çıxan ağıllılarımız məhz şəhidlər idi və onlara təkcə aşiq demək olmaz, çünki onların ağıllarından irəli gələn istəkləri ilə eşqi birdir. “Yoxsa, onlar xüsusi adamlar idi, başqa planetdən gəlmişdilər, başqa şey üçün doğulmuşdular, guya biz xeyirimizə çatarkən onlar hansısa dəyərlər uğrunda canlarını fəda etdilər, xeyir! Bu bədən onsuz da torpağın altına gedəcək. Onlar düzgün hesabladılar, götür-qoy etdilər və ağıllı qərar verdilər. Beləliklə, şəhidlər düzgün hədəf seçdilər, o hədəf uğrunda canlarından keçdilər və başdan başa xeyirə çatdılar,” – deyir Hacı Şahin.


Hacının sözlərinə görə, ağılın dünyaya hakim olacağı gün elm daha böyük sıçrayışla inkişaf edəcək. Elm ağıla tabe olan gün dünya xoşbəxt olacaq. Bəzən ağıla zidd məsələlər, xüsusi ilə qərb cəmiyyətlərində dünyaya müasirliyin nümunəsi kimi göstərilir. Məsələn, bəzi qərb dövlətlərində qadınla kişinin eyniləşdirilməsi qəbuledilməzdir. Hacı Şahin bu yanaşmanı sərt tənqid edir. Bu tendensiyaların feminizm və bu kimi təhlükəli cərayanlar formalaşdırdığını qeyd edən Şahin Həsənli bildirir ki, bərabər hüquqluluqla eyniləşdirmə fərqli anlayışlardır. Təəssüf ki, müasir cəmiyyətdə bərabər hüquq və azadlıqlar pərdəsi altında eyniləşdirmə siyasəti aparılır. Din qadınla kişinin ailədəki, o cümlədən cəmiyyətdəki yerini düzgün dəyərləndirərək kişini ailənin inzibati-hüquqi rəhbəri olaraq təyin edir. Onun sözlərinə görə, bununla belə dinimizdə qadının ev təmizləmək, yemək bişirmək kimi vəzifəsi də yoxdur. Təbii ki, ilk növbədə qadın bu işləri görməlidir, amma necə? Könül xoşluğu ilə, ləzzətlə, fədakarlıqla. Halbuki bu mövzuda Allahın hökmlərinə indiyədək şübhə ilə yanaşılıb. Amma get-gedə aşkar olur ki, qadının da kişinin də mənəvi aramlığı Allahın qoyduğu qaydalardadır. Qadınlar həmçinin öz yanlarında qüdrətli kişinin olmasını arzulayır. Hacı deyir ki, ailənin sütunu qadının həyat yoldaşının qürurunu, ehtiramını saxlamasındadır. Uşaq da o zaman düzgün tərbiyə alır ki, görsün ata evin sütunudur, ana evin zinəti. Beləliklə rollar düzgün bölüşdürüldükdə xoşbəxt ailə modeli formalaşır.

Ağıl varsa - nəticə dindir. O ağıl ki insanı dinə gətirmir ağıl deyil. Hacı Şahinin tənqid obyetklərindən biri də quru dindarlıq idi. Onun sözlərinə görə, din haqqında danışan, moizə deyən adamlar xeyirxah insanlar olmalıdır. Dini təbliğ edənlər xalqı sevən, xalqın xeyirini istəyən, xalqa aşiq olan və onu təmənnasız sevən adamlar olmalıdır, xalqın üstünə acığını tökən adamlar yox. “Peyğəmbərlər belə idilər. Allahın bu cür adamlardan xoşu gəlir. Allahın camaatın zərərini arzulayan, insanların ziyanına çalışan adamlardan acığı gəlir. İnsan deyil o adam ki insanlara pislik edir, azdırır, yoldan çıxardır, fikirlərini qarışdırır, xəyanət edir, həqiqəti yalan kimi, yalanı həqiqət kimi göstərir. Bunlar hamısı insanlara qarşı sevgisizlikdən irəli gəlir”, - deyir Hacı Şahin. İnsanın mənəvi inkişafının yeganə yolu öz-özünü hesaba çəkməsidir. Başa düşməyin, dərk etməyin yolu daxilə baş vurmaqdır. Özünü tanımaqdır. Dinin məqsədi namaz qılıb, dua oxumaq deyil. Onun fikrincə heç bir ayə və hədis yaxud dini göstəriş təcrübəyə keçməsə, əməldə özünü birüzə verməsə təsir qoymayacaq. Məsələn, namaz qılan insan öz namazını hesaba çəkməsə qıldığı namazın xeyiri olmayacaq. Hər bir namazqılan öncə özünə “niyə namaz qılıram?” sualını verməli və cavab axtarmalıdır. Hacı Şahin deyir: “Əməl etmək məqsəd deyil axı. Biz hambal deyilik Allahın hüzurunda. Allah bizdən yalnız əməl istəmir. Əməlin nəticəsi önəmlidir. Necə edək ki əməl (namaz, oruc və s. dini göstərişlər, vacibatlar) həyatımıza təsir eləsin? Əməli mühasibə dalanından keçirtməklə. Qiyamətdə əməllərimizi belə yoxlayacaqlar. Odur ki, dünyada ikən özün özünü dəqiq hesaba çək ki, iş qiyamətə qalmasın. Əməl mühasibə dalanından keçdikdə insana fayda verməyə başlayır, əks təqdirdə sadəcə avtomatik vərdiş kimidir. Günah edən insan özünə sual verməlidir niyə mən bu günahı elədim? Axtarsaq görərik ki, bir günahın arxasında nə qədər dinsizlik, imansızlıq, təkəbbür, kin-küdurət, dünya məhəbbəti, yaltaqlıq kimi pisliklər gizlənib. Bütün bunlar hardan qaynaqlanır içimizdə? Niyə yalan danışdın, niyə qəmlisən, dərdin nədir və s. Heç bir mənfəətim, ziyanım olmadığı təqdirdə niyə günah elədim? Bu suallara insan cavab axtarmalıdır”. Hacı Şahinin sözlərinə görə, insan pis əməllərinin səbəbini axtarsa görər ki, qəlbinə düşən qəm sadə bir paxıllıq qəmidir. Odur ki, paxıllığı qəlbindən çıxartmalıdır. Bunun üçün dua etməlidir. Mühasibə məhz buna görə önəmlidir ki, insan düşünüb səhvini, günahını anlasa və etiraf etsə, bu kifayətdir ki, Allah onu bağışlasın. Onun fikrincə bütün ariflər bu yolla böyüklüyə çatıblar. Beləliklə, moizənin, əməlin təsirini artırmaq, mərifətə, səadətə çatmaq üçün yeganə yol – insanın xəlvətdə özü özünü hesaba çəkməsi, özündən tələb etməsidir. Bunlar həm dünya həyatını gözəlləşdirir, həm axirət xoşbəxtliyinə səbəb olur.

Hacı Şahinin Həzrət Əlinin (ə) “Həmmam xütbəsi”nin şərhinə həsr etdiyi çoxsaylı Cümə xütbələrindən birində qeyd etdiyi daha bir məsələ həyatda mövqesiz insanların, o cümlədən mövqesiz dindarların aqibəti ilə bağlıdır. Həzrət Əli buyurur: “Mömin batilə daxil olmaz, haqdan da çıxmaz”. Bu nə deməkdir? İnsanın batilə, yəni nahaqq yola getməməsi özü özlüyündə hünər deyil, gərək haqqın da tərəfində olasan. Bir çoxları ictimai məsələlərdə haqqla batilin, yəni xeyirlə şərin arasında bir yol, mövqe tutur. Hacı Şahin bunu ən asan yol adlandırır. “Məsələn, biz çox zaman kobudluq eləmirik, amma mehribanlıq da göstərmirik. Oğurluq eləmirik, amma infaq da eləmirik, yəni əl tutmuruq. Mövqesizlik bitərəf olmaq demək deyil. İnsan haqqın tərəfində ola-ola bitərəf ola bilər. Seçim iki batil arasındadırsa insan bitərəf ola bilər, çünki artıq haqqın tərəfindədir. Təəssüf ki, müasir dünyada mövqesiz, bivec adamlar hörmətli sayılır. Deyirlər mötədil adamdır. Əslində bu orta yol deyil, azğın yoldur”. Hacı Şahinin sözlərinə görə, qiyamət günü mövqe barədə soruşulacaq. Heç bir adam haqdan çıxmaqla mənfəət əldə etməyəcək. Bu birmənalıdır deyən Hacı Şahin mövqesiz, bivec adamları zirəngbaz adlandırır. Onun sözlərinə görə, zirəngbazların çoxu Cəhənnəmə gedəcək. “İman əlaməti budur ki, insan batilə bütün vücudu ilə nifrət eləsin, əgər belə deyilsə qalanı hoqqabazlıqdır. Quran batilə meyil etməyin deyə buyurur. Qəlbdə batilə zərrə qədər meyil olması əzaba düşməyə kifayətdir. Din bu məsələdə çox həssasıdr”, - deyir Hacı Şahin.

Hacı Şahin xütbələrində insanları nəfslə mübarizəyə də təşviq edirdi. Yalnız bu yolla insan ən uca zirvələrə çatmağa qadirdi. Bunun üçün öncə insanda günahkarlıq hissi olmalıdır. Əgər insan bilsə ki haralara qədər ucala bilər və hazırkı vəziyyətinə baxsa hər zaman xəcalət hissi keçirər və bu çox önəmli bir haldır. Hacı Şahinin fikrincə bu xəcalət hissi insanda daima olmalıdır. “Qiyamət günü açılacaq sirlərdən biri də hər bir insanın çata biləcəyi zirvəni öz gözü ilə görməsidir, seyr etməsidir. Qiyamət peşmançılığı həmdə buna görədir. Ən əsası isə insan başa düşəcək ki, o zirvəyə çatmaq asan idi, bunu yalnız arzulamaq kifayət idi. Belə ki, insan dəyərli olduğunu anlamalı, Allahın onu yüksək mərtəbələr, məqamlar üçün yaratdığını bilməli və üzrxahlıq hissi ilə yaşamalıdır. Çünki çata biləcəyi zirvədən aşağıda olduğunu anlayır. Bu zirvəyə ucalmağın yolu isə insanın daima öz eyibləri, yəni nöqsanları ilə məşğul olmasıdır. Sağlam insan xalqın eyibləri ilə məşğul olmur, çünki sonsuz bir səfərə çıxdığını başa düşür. Və kiminsə eybini axtarmağa zamanı olmur. Onun əsas məşğuliyyəti öz eyib və nöqsanlarını araşdırmaqdır”. Hacı Şahinin fikrincə bu proses sonsuza qədər davam edir. Hər mərhələni keçdikcə insan yeni eyiblərini tanımağa başlayır və onu aradan qaldırmaq üçün öz-özü ilə mübarizə aparır. “Məsələn, qeybət ona görə haramdır. Qeybət başqasının eybini açmaqdır. Bu, insana öz eyiblərini unutdurur və daima başqlarının eyiblərini müzakirə etmək, danışmaq kimi mənfi xislət formalaşdırır. Öz eyiblərini unudan insan isə heç vaxt tərəqqi yolunda ola bilməz, əksinə tədriclə mənəvi cəhətdən tənəzzülə uğrayar”, - deyir Hacı Şahin. Bu xüsusda o, “Həzrət Əlinin gənclərə məktubu” adlı silsilə Cümə xütbələrində Əlinin (ə) adıçəkilən məktubuna istinadən istəklərlə mübarizənin fəlsəfəsini açıqlayır. O deyir: “İçimizdə pis istəklər var. Doğrudur? Bəli. Onlarla necə mübarizə aparmalı? Yollarından biri budur ki, bu pis istəklərin qarşısında yenə də öz istəklərindən ibarət, amma yaxşı istəklərindən ibarət bir ordu qoymalısan. Və bu iki istəklərini toqquşdurmalısan. Müsbət istəklərini kəşf edib, inkişaf etdirib mənfilərinin qarşısına çıxardıb toqquşdura bilərsən. Hər iki ordu sənin istəklərindi amma sənin iki mərtəbən var – biri üzdə olan aşağı mərtəbən, bir də dərində olan üstün mərtəbən, hər ikisi sənsən”. Həzrət Əli (ə) belə deyir: “Daha dərin istəklərini dirilt, üzə çıxart və pis istəklərinin qarşısına qoy. Və yaxşı istəklərini pis istəklərinə qalib elə. Hər iki halda sənin istədiyin olur”. Hacı Şahinin sözlərinə görə, din bizə demir ki, özünə yox de. Və bir çoxlarının haqlı olaraq bu fikirdən xoşu gəlmir. Əslində din də bunu deyir ki, istədiyini elə, amma bax gör daha üstün istəklərin hansıdır, onları tap və aktivləşdir. Yəni şəhvət, qəzəb, ləzzət və s. zahiri istəklərinə qarşı içində olan daha ali istəklərlə mübarizə apar və bu mübarizədə ən ali istəklərin qələbə çalsın. Bəs daha ali istəklər deyəndə nə nəzərdə tutulur? Hacı Şahin bunu izah etmək üçün sadə misallar çəkir. Məsələn, insanlara salam vermək, gülərüzlülük, mehribanlıq insanın qəlbində olan ali, gözəl istəklərdəndir. O insanlara qarşı ki qəlbində kin yoxdur əvvəl onlara qarşı bunları et, mehribanlıq göstər. Yəni özünü buna alışdır. Bu çətindir? Xeyir. Bu yolla içində mehribanlıq artır və artıq kin bəslədiyin insanlara qarşı da mehribanlıq göstərməyə gücün olacaq. Bununla daha ali insani mərtəbələrə çatmaq olar. Cəmiyyətdə hörmətə layiq olan adamlar bunlardır. Hacı Şahin fikrini belə tamamlayır: “Buna görə Həzrət Əli deyir: qəlbini moizə ilə dirilt və yox deməklə öldür. Yaxşı istəklərini diriltməmiş, aktivləşdirməmiş, yəni yaxşılıqları özünə vərdiş etdirməmiş pis istəklərinə qalib gələ bilməzsən. Nəfslə mübarizə budur.
Qeyd etdiyimiz kimi, Hacı Şahin yalnız həqiqətləri çatdırmır, həmçinin bu həqiqətlərə çatmağın yollarını, mexanizmlərini açıqlayır. Məsələn, “Asan yaşayış” mövzusuna həsr etdiyi çoxsaylı xütbələrində insanların təməl istəklərinin rahatlıq olduğunu açıqlayaraq, bu istəyin təmin edilməsinin başlıca pribnsipini göstərir. Onun fikrincə dindar daha keyfiyyətli yaşayan adama deyilir. İmanın meyarı insanın iztirabsız yaşamasındadır. İnsan nə qədər aramdırsa deməli bir o qədər Allaha yaxındır. Nə qədər iztirab içindədirsə deməli bir o qədər Allahdan uzaqdır. Necə yaşayırsansa elə də ibadət edəcəksən deyə düşünür Hacı Şahin. Bəs rahatlığa çatmaq üçün nə etməliyik? Bunun üçün insan ilk növbədə kiçik istəklərini böyük istəklərinə güzəştə getməlidir. Lakin təəssüfləndirici hal odur ki, insanlar adətən rahatlığa çatmaq üçün adi rahatlıqdan məhrum olurlar. “Məsələn, zəruri olan bir işi görmür ki rahatlığını əldən verməsin amma nəticədə daha dərin narahatlığa düşür. Namazını vaxtında qılmır ki rahat olsun, nəticədə həyatı daha narahat olur”. Hacı Şahin hesab edir ki, din rahatlıqla mübarizəni təşviq eləmir, din rahatlıq hissinin idarə olunmasını tövsiyə edir. Məslən ləzzətlə mübarizə apar ki, daha böyük ləzzətə çatasan. Rahatlığa çatmağın yollarından biri də təfəkkür etmək, yəni düşünməkdir. Onun fikrincə həyatın reallıqlarının bizə təsiri düşünməklə əldə olunur. Məsələn ölüm həqiqətdirsə, onun həyatımıza təsiri yalnız ölüm barədə düşünməklə əldə oluna bilər. Ölümü düşünən insan qorxuya düşmür, əksinə daha məsuliyyətlə yaşayır, həyatına daha böyük önəm və dəyər verir. Çünki həyatı fürsət bilir. Əbəs demirlər insanı moizə etməyə ölüm kifayətdir. Necə ki Hacının qəfil ölümü sonuncu və yəqinki ən təsirli moizəsi oldu.

MAHMUD RÖVŞƏNOĞLU









Redaktorun seçimi