Mediasiya islahatlarının uğurlu icrasında medianın böyük rolu var

Hit: 1170
Mediasiya islahatlarının uğurlu icrasında medianın böyük rolu var
"Bu ilin ilk üç ayı mübahisələrin alternativ həlli üçün uğurlu olub".  
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib. 
 
O deyib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, mediasiya təşkilatlarına daxil olan, ilkin və tam mediasiya sessiyalarına cəlb edilən işlərin sayı sahəsində uçotun aparılması və hesabatlılıq Mediasiya Şurası tərəfindən təmin edilir:
 
"Həmçinin hər ay açıq formada mediasiya məxfiliyi qorunmaq şərti ilə mediasiya təşkilatlarına daxil olan işlər və mediatorların baxdıqları, əldə etdikləri barışıq sazişlərinin sayı da dəqiq qeyd edilməklə, hər ay ictimaiyyətə açıq məlumat verilir. 
 
2023-cü ilin ilk üç ayında, yəni yanvar, fevral və mart aylarını əhatə edən dövr üçün ölkə üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarına ümumilikdə 12.164 müraciət daxil olub. Bu müraciətlərin 10 404-ü ailə mübahisələrindən irəli gələn müraciətlərə aiddir. Buraya aliment tələbi, uşaqla ünsiyyət, qızıl-zinət əşyalarının geri alınması, uşağın xaricə çıxarılması, əmlakın bölünməsi, nikaha xitam verilməsi, bir sözlə, ailə mübahisələri predmetinə aid olan onlarla mübahisə predmeti aid olub. 
 
Kommersiya mübahisələrində isə bu say 1 367 olmaqla, müxtəlif məsələlər üzrə - borcun alınması, müqavilə öhdəliklərinin, kredit öhdəliklərinin icra edilməsi, əsassız borcun silinməsi, borcun ödənilməsi üçün vaxtın verilməsi və s. bu kimi bir çox məsələləri əhatə edir.
 
Əmək mübahisələri üzrə isə 393 müraciət daxil olub ki, bunlara işə bərpa, kompensasiyanın, ezamiyyət pulunun və məzuniyyət haqqının ödənilməsi, əmək müqaviləsinə və ya xitam şərtlərinə yenidən baxılması və s. məsələlər aiddir". 
 
N.Adilov qeyd edib ki, ailə, əmək və kommersiya mübahisələri üzrə daxil olan ümumi iş həcmindən ümumilikdə 10 461 müraciət tamamlanıb:
 
"Belə ki, ümumi müraciət sayında ilkin mediasiya sessiyasına müraciət edən və bu sessiyalarda iştirak edən tərəflər könüllü şəkildə öz aralarında mediatorun tək tərəfli və iki tərəfli görüşlərindən sonra öz problemlərini həll etdiyi üçün bu işlər ümumiyyətlə məhkəmələrə getməmiş və mübahisə predmeti aradan qalxdığı və tərəflər bu mübahisəni öz aralarında həll etdiyi üçün mediasiya təşkilatları tərəfindən 1 586 işə xitam verilib. Bu çox ciddi bir uğurdur və artıq vətəndaşlarımız mediasiyanın üstünlüyü məsələlərində vətəndaş iştirakçılığının, özlərinin iştirakı ilə qəbul etdikləri qərarların üstünlüklərini hiss edirlər". 
 
N.Adilov vurğulayıb ki, xitam verilən 1 586 iş üzrə tərəflər dəfələrlə mediatorun yanında olmalarına və mediasiya təşkilatları, mediatorlar tərəfindən kifayət qədər zaman ayrılmasına baxmayaraq, mediasiyanın üstünlüyünü düzgün anlayan tərəflər öz aralarında razılığa gəldikləri üçün onlar mediasiya sahəsində nə ilkin mediasiya xərcləri, nə də tam mediasiya xərcləri ödəməyiblər: 
 
"Bunu isə biz mediasiya təşkilatlarının ictimaiyyət və cəmiyyət qarşısında sosial məsuliyyəti kimi qəbul edirik. Çünki vətəndaşlar bir neçə görüşdən sonra problemini öz arasında həll edərək ilkin mediasiya sessiyasında iştirakdan imtina edirsə, bunun özü də çox böyük bir uğurlu nəticədir. Yəni bu işlərdə nə mediasiya prosesləri davam etdirilir, nə də bu işlər məhkəməyə gedir. Vətəndaşın istər mediasiyasız, istərsə də digər qurumlarsız öz problemini həll edə bilməsi və ortaq məxrəcə gəlməsinin özü də çox ciddi bir nailiyyətdir. 
 
İlkin mediasiya sessiyasından sonra mürəkkəb işlər üzrə tam mediasiyaya keçid edən mübahisələrin sayı da kifayət qədər ciddi olmuşdur ki, bu mübahisələrdən 2 224 mübahisə barışıqla nəticələnmişdir.
 
Hər bir mediasiya təşkilatı və hər bir mediator bir barışıq sazişinin əldə edilməsi üçün saatlarla, günlərlə iş aparmalı olur. Ona görə də bu rəqəmlərə sadəcə statistika kimi baxmaq olmaz. Belə ki, istər xitam verilən, istərsə də barışıq sazişi əldə edilən hər bir mübahisənin arxasında mediatorların çox gərgin bir əməyi durur. 
 
Siz təsəvvür edin ki, öz problemini və mübahisəsini həll edə bilməyən tərəflərə mediator dəstək göstərir və nəticə əldə edir. Əlbəttə ki, bu mübahisələrin həllində mediatorlara peşəkar hüquqşünaslar da yaxından dəstək göstərir. 
 
Mane olanlar varmı? Əlbəttə ki, bu sahədə tərəfləri tətikləyən, hüquq xidmət verən hüquqşünaslar da vardır ki, onlar bəzən tərəflərin barışıq sazişləri əldə etmələrinə mane olmaqdan və işləri hətta əsassız olaraq məhkəməyə daşımaqdan çəkinmirlər. Biz başa düşürük ki, bu ənənəvi və köhnə yanaşmadır, zaman - zaman bu məsələlər də öz həllini tapacaq. Ona görə də fürsətdən istifadə edib, bizə barışıq sazişlərinin imzalanmasında dəstək olan peşəkar vəkillərimizə də dərin təşəkkür edirəm. Məhz bu peşəkar vəkillərin yanaşmasına görə onların müvəkkilləri ilə olan münasibətlərində yeni mediasiya praktikası yaranır və keyfiyyətli hüquqi yardım və mediasiya xidmətləri təmin edilir. Bu bizi əlbəttə ki, çox sevindirir. Ona görə də barışıq sazişləri və xitam verilən işlərin ümumi sayını üst-üstə gəldikdə, 2023-cü ilin ilk üç ayı ərzində uğurumuz 36 faiz təşkil etməklə, 3 810 uğurlu nəticə əldə etmişik. Bu həddindən artıq ciddi nəticədir. 
 
Qeyd edim ki, ünsiyyətdə olduğumuz beynəlxalq ekspertlər də bu nəticələri çox ciddi nailiyyət kimi qəbul edir və mediasiya tətbiq olunan ölkələrin bu nailiyyətlərə 5 və hətta 10 il ərzində gəldiklərini və hətta bu rəqəmlərə çata bilməyən ölkələrin olduğunu qeyd edirlər. 
 
Və cəmiyyətdə maarifləndirmə işləri aparıldıqca, vətəndaşlar mediasiyanın üstünlüyünü hiss etdikcə, bu uğurlu statistikamız daha da artacaq. Əlbəttə ki, mediasiya islahatlarının uğurlu icrasında ölkəmizin media sektorunun da rolu böyük və danılmazdır. Biz bir çox məsələlərdə media ilə çiyin-çiyinə işləməyi bacarırıq. Fürsətdən istifadə edib, sizin qurumun timsalında bizə dəstək olan media nümayəndələrimizə, dostlarımıza dərin təşəkkür edirəm".








Redaktorun seçimi