9-cu Kazan İƏT Gənc İş Adamlarının Forumu sona yetdi

Hit: 295
9-cu Kazan İƏT Gənc İş Adamlarının Forumu sona yetdi
Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikasının (RF) Gənclərlə İş Nazirliyi və Tatarıstan Respublikası "Selet" Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tatarıstan Respublikasının Kazan şəhərində “XIV Beynəlxalq Kazan İqtisadi Forumu: Rusiya - İslam Dünyası” tədbiri çərçivəsində  İƏT Gənc İş Adamlarının 9-cu Beynəlxalq Forumu keçirilib.
 
Bu il keçirilən Forumda iştirak üçün layihələr üzrə 200-dən çox müraciət göndərilib və onlardan 14 ölkəni (Azərbaycan, Misir, İndoneziya, Pakistan, İordaniya, Türkiyə, ABŞ, Keniya və s.) təmsil edən 31 startap layihəsi ekspertlərin təmsil olunduğu jüri tərəfindən seçilib. Beynəlxalq ekspertlərin təmsil olunduğu jürinin qərarı ilə qaliblər elan edilib. İƏGF Avrasiya Regional Mərkəzi ilk yerin qalibi Tunisdən olan gənc iş adamları Əli Çerif və Haytem Dabbabinin müəllifləri olduqları “Evokraft” layihəsi üçün 10 min dollar maliyyə vəsaiti ayırıb. Sözügedən layihə gələcəkdə gənclər arasında texnoloji biliklərin yayılmasına və elmi nailliyyətlərin əldə edilməsinə yönəlib. İƏGF Avrasiya Regional Mərkəzi idarə heyəyinin sədri Elçin Əsgərov və Tatarıstan Respublikasının Gənclərlə İş üzrə naziri Rinat Sadıkov startap layihələri üzrə qalibləri təbrik edərək, onlara uğurlar arzu ediblər.
 
Bu il keçirilən Forum çərçivəsində iştirakçı şirkətlər və qurumlar arasında əməkdaşlıq memorandumları imzalanıb. Belə ki, İƏGF Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov və Özbəkistan Gənc İş Adamlarına Dəstək Mərkəzinin sədri Orian Mehroc Rəşidovun imzaladığı memorandumda Avrasiya məkanında startap layihələrə və yaxın illər ərzində gənc sahibkarların bacarıqlarının artırılmasına dəstək müddəaları öz əksini tapıb.
 
“İƏT gənc iş adamları Forumu” təşəbbüsü İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən irəli sürülüb və İƏT üzvü olan ölkələrdə yeni iş yerlərinin yaradılması yolu ilə gənclər arasında işsizliyin aradan qaldırılması məqsədi güdür. Qeyd etmək lazımdır ki, indiyə qədər 50 ölkəni təmsil edən 1000-dən çox gənc iş adamı Kazan forumlarının iştirakçısı olub və startap layihələrinə ayrılan yatırımlar 2 milyon dollardan çoxdur.








Redaktorun seçimi