Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir

Hit: 329
Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir
Paytaxtdakı 314 nömrəli tam orta məktəbdə Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
 
Qonaqlar öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Məktəbin direktoru Fəzail Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi çərçivəsində təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlərə həsr olunan tədbirlərin davamlı xarakter almasını təqdirəlayiq addım kimi qiymətləndirib.
 
BŞTİ-nin müdiri M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində təhsil ocağında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri dillər əzbəri olan, sözlərinə yazılan mahnılarla böyükdən-kiçiyə hər kəsin yaddaşında yaşayan Cabir Novruzun 90 illik yubileyinin qeyd edilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, ədəbiyyata böyük maraq göstərən Heydər Əliyev bütün fəaliyyəti dövründə ədəbi mühitə daim qayğı göstərib, yazıçı və şairlərin böyük hamisi olub.
 
Cabir Novruz poeziyasını XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayan İdarə müdiri şairin yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, hər misrası aforizmə çevrilən yaradıcılığının məktəblilər arasında təbliğini yüksək dəyərləndirib.
 
 Millət vəkili Q.Paşayeva yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, şair və yazıçıların yaradıcılıq görüşlərində Ümummilli Liderin iştirakı, etdiyi çıxışları onun ədəbiyyata, sənət adamlarının yaradıcılığına necə dərindən nüfuz etdiyindən xəbər verirdi.
 
Q.Paşayeva  Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı barədə danışarkən bildirib ki, şair poeziyası ilə vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib, yaradıcılığının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub.
 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini S.Süleymanova, “Unity company”nin direktoru F.Əliyev çıxış edərək məktəblilərin vətənpərvər, milli ruhda yetişmələri üçün belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
 
Sonra şagirdlərin ifasında Cabir Novruzun şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
 
Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda “Unity company” şirkəti tərəfindən 2 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.








Redaktorun seçimi