Neftçalada “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi

Hit: 417
Neftçalada “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.
 
Faktor.az xəbər verir ki, elmi praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycanın birinci baş naziri, siyasətçi Həsən Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) veteranlar şurasının sədri Arif Rəhimzadə, YAP veteranlar şurasının üzvü, yazıçı Tahir Məmmədov, kinorejissor, ssenarist, Azərbaycanın xalq artisti Vaqif Mustafayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İlk öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və ulu öndərinin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.
 
Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında ulu öndər mühüm işlər görüb. İcra başçısı 1990-cı illərin əvvəllərindən başlayaraq azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsindən də söz açıb. Mirhəsən Seyidov azərbaycançılıq ideologiyasının xüsusən də yeni müstəqillik əldə edən respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Heydər Əliyev tərəfindən irəli sürülən əvəzedilməz bir ideologiyaya çevrilməsini iştirakçıların diqqətinə çatdırıb.
 
İcra başçısı bildirdi ki, ulu öndər Heydər Əliyevin dediyi kimi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!" Elmi praktiki konfrans qonaqların iştirakı ilə onların Heydər Əliyev haqqında xatirələri və sual-cavab formatında davam edib.








Redaktorun seçimi