Rəhim Rəhimovun 100 illiyinə həsr edilmiş Yubiley tədbiri keçirilib

Hit: 637
Rəhim Rəhimovun 100 illiyinə həsr edilmiş Yubiley tədbiri keçirilib
2023-cü il mart ayının 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə  görkəmli alim və klinisist Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Nurməmməd oğlu Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş Yubiley tədbiri və Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib.
 
Konfransın Təşkilat Komitəsinin sədri Milli Onkologiya Mərkəzinin Baş direktoru, Akademik Cəmil Əliyev giriş sözü ilə Akademik Rəhim Rəhimovun  həyat və yaradıcılığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. Tibb elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş akademik Rəhim Rəhimovun Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında xüsusi əməyi olan şəxsiyyətlərdən biri olduğu vurğulandı. Uzunmüddətli məhsuldar fəaliyyəti ərzində Akademik Rəhim Rəhimov onkologiya, rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılması və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaradıb. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olaraq, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə rentgenoloji məktəbinin yaradıcısı kimi tanıdıb.
 
Bundan sonra tədbirdə çıxış edən  Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin  sədri, Akademik Əhliman  Əmiraslanov,  Azərbaycan Milli Elmlər Akademiyasının vitse Prezidenti Akademik İradə Məmməd qızı Hüseynova, Akademik Asəf Hacı oğlu Hacıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Aydın oğlu Kərimli Respublikamızda elmin inkişafına qiymətli töhfələr verən Rəhim Rəhimovun çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını, ölkənin elmi, praktiki və ictimai həyatına verdiyi töhfələri qeyd etdilər. Onun şəxsiyyəti haqqında düşüncələrini, şəxsi ünsiyyət zamanı təəsüratlarını o cümlədən Milli Onkologiya Mərkəzinin bu sahənin inkişafında xidmətləri olan şəxslərin adını anmaq ənənəsini nümunəvi olduğunu vurğuladılar.  
Sonra Akademikin həyat və fəaliyyətinə həsr olunan “PEŞƏSİNİN LƏYAQƏT SİMVOLU...Akademik Rəhim Rəhimov“  qısametrajlı sənədli televiziya filmi nümayiş etdirilib.
 
Azərbaycan Tibb Universitetinin professoru Çingiz Rəhimov ailəsi adından, elm işçilərinin fəaliyyətinə önəm verdiyinə görə Respublika rəhbərliyinə, yüksək səviyyədə yubiley tədbirinin keçirilməsi ilə əlaqədar şəxsən Milli Onkologiya Mərkəzinin Baş direktoru, Akademik Cəmil Əliyevə, eləcə də Təşkilat Komitəsinə dərin minnətdarlığını bildirdi.
 
Konfransın 2-ci hissəsində tədbirə qatılan   Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə, Rusiya və Gürcüstandan gələn qonaqlar Akademik Rəhim Rəhimovun məşğul olduğu sahə olan, həzm sistemi orqanlarının və ağciyər patologiyalarının diaqnostika və müalicəsində hazırki nailiyyətlər haqqında məlumat verdilər və öz təcrübələri ilə bölüşdülər.     
 
Tədbirdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisin deputatları,  Azərbaycan Milli Elmlər Akademiyanın rəyasət heyyətinin üzvləri, Azərbaycan Onkoloqlar və Rentgenoloqlar Cəmiyyətlərinin üzvləri, Akademik Rəhim Rəhimovun yaratdığı Tusi Xeyriyyə Cəmiyyətinin üzvləri habelə yaxınları iştirak edirdilər.                                            
 
 








Redaktorun seçimi