AzMİU-da xarici alimlərin iştirakı ilə vorkşop

Hit: 349
AzMİU-da xarici alimlərin iştirakı ilə vorkşop
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qara Dəniz Universitetlər Şəbəkəsinin (BSUN- Black Sea Universities Network) nümayəndə heyətinin iştirakı ilə "Böyük Çağırışlar Kontekstində İnşaat Mühəndisliyi – Mühəndislik Təhsilində Yeni Yanaşmalar" mövzusunda vorkşop keçiriləcək.
 
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək, vorkşop iştirakçılarını, o cümlədən xarici qonaqları salamlayıb və qlobal çağırışlar kontekstində mühəndisliyin əhəmiyyətinə diqqət çəkib. AzMİU-nun Azərbaycanın inşaat mühəndisliyi ixtisası üzrə 100 illik ali təhsil ənənəsini özündə birləşdirdiyini vurğulayan rektor, universitetdə mühəndislik təhsili üzrə tətbiq olunan yeni yanaşmalardan danışıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri fonunda Azərbaycanda inşaat sektoruna qarşı keyfiyyət tələbləri son illər daha da yüksəlib və bu, həmin sahə üzrə kadr hazırlığı həyata keçirən AzMİU qarşısında yeni vəzifələr qoyub. 
 
Rektor əlavə edib ki, ölkəmizin inşaat sektorunun peşəkar, yüksək ixtisaslı kadr potensialı ilə təmin olunması məqsədilə AzMİU xarici tərəfdaşları ilə sıx əməkdaşlıq edir, bu ixtisas üzrə dünyanın aparıcı universitetləri ilə ikili diplom müqavilələri icra edir və mütəmadi olaraq təcrübə mübadiləsi aparılır. 
Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Nikolaos Theodossiou "Davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühəndislərin rolu" adlı məruzə ilə çıxış edib. Nikolaos Theodossiou çıxışında rəqəmsal transformasiya fonunda mühəndisliyə artan təlabata vurğu edib. O qeyd edib ki, yeni geosiyasi çağrışlar çərçivəsində davamlı inkişaf məqsədlərinin təmin olunmasında ən çox yük mühəndislərin üzərinə düşür. 
 
Qara dəniz Universitetləri Şəbəkəsinin baş katibi professor Eden Mamut "Möhtəşəm vəzifələr kontekstində mühəndislik təhsilində paradiqmaların dəyişməsi" mövzusu ilə çıxış edib. Baş katib çıxışında mühəndislik təhsili ilə bağlı çağırışlara və bu çağırışlara cavab vermək üçün Qara dəniz Universitetləri Şəbəkəsi çərçivəsində əməkdaşlığa diqqət çəkib. 
 
Ukraynanın Zaporoji Politexnik Universiteti Senatının sədri professor Sergey Byelikov və həmin universitetin professoru Oleksey Nazarenko isə “Ukrayna müharibəsi fonunda yenidənqurma sahəsində mülki mühəndislik təhsilinin əsas məqsədləri” adlı məruzə ilə çıxış ediblər. Alimlər çıxışlarında müharibə zamanı mülki mühəndisliyin əhəmiyyətindən və əldə olunan təcrübədən danışıblar.








Redaktorun seçimi