"Ənənəvi İslamı xalqa sevdirən insan" - Hacı Şahinin əziz xatirəsinə

Hit: 521
"Ənənəvi İslamı xalqa sevdirən insan" - Hacı Şahinin əziz xatirəsinə
Mən onu 90-cı illərin sonlarında tanıdım. Yasamalda Akim Abbasov küçəsində yerləşən binalardan birinin alt mərtəbəsində “İkmal” Gənclər Təşkilatının ofisi və “Hüseyniyyə” dediyimiz namaz otağı – zal var idi. Məni ora dostum aparmışdı, ilk dəfə camaat namazını orda Hacı Şahinin imamlığı ilə qıldıq. Təmiz, səliqəli kiçik ofisdə kitabxana var idi, üstəlik təşkilatın həftəlik bülleteni dərc olunurdu. Bütün bunların hamısını 20 yaşlarında gənclər edirdi.
 
Bu o dövr idi ki, Bakıda az qala hər küçədə xarici missioner təşkilatları fəaliyyət göstərirdi. Müsəlman ölkələrindən onlarla cəmiyyət, təşkilat müxtəlif adlarla din təbliğ edirdi, hər məhəllədə az qala Quran kursu, “mədrəsə” var idi. İrandan Misirə qədər müxtəlif ölkələrdən gələn təbliğçilər SSRİ-nin dini qadağalarından azad olmuş insanlara “yeni İslam” öyrədirdi. Ənənəvi islam isə yalnız QMİ-nin formal nəzarətində olan məscidlərin küncünə sıxışdırılmışdı. Giriş qapısının sağında və solunda bir nəzir qutusu qoyulan məscidlərin təmsil etdiyi “ənənəvi İslam” nüfuzdan düşmüşdü.
 
Dini mövzuda ilk müsahibəmi də o zaman Hacı Şahindən, “İkmal”da götürmüşdüm. Yerdə xalının üzərində oturub dini vəziyyət, missionerlər haqqında söhbət etmişdik. Sadə, səmimi söhbət alınmışdı. Mənim o zaman tanıdığım Hacı Şahin sonrakı 24 ildə dəyişmədi, sadə, səmimi və mehriban.
 
Bir neçə il sonra “İkmal” bağlandı və tezliklə Hacı Şahin şəhərin mərkəzində, Nizami metrostansiyası yaxınlığında yerləşən “Məşədi Dadaş” məscidində imamlıq etməyə başladı. O zaman o məscid indiki kimi deyildi, uçuq-sökük, köhnə məhəllə məscidi idi. Ancaq Hacı Şahinin bəlağətli çıxışları, gözəl nitqi, ən əsası isə səmimiyyəti sayəsində “Məşədi Dadaş” tezliklə Bakının ən qələbəlik məscidlərindən birinə çevrildi.
 
Hacı Şahin insanlara yeni dini fikir və ya cərəyanı təqdim etmirdi. O daha sadə, amma çətin yolu tutmuşdu. Hər kəsin bildiyi İslamın üzərini örtmüş xurafat və cəhaləti təmizləyib insanlara yenidən təqdim edirdi. Bu təqdimat sadə və anlaşılan idi, həm də yad deyildi, hər şeyi ilə doğma idi. Ona görə də hər kəs onu sevməyə, Hacının ətrafına toplanmağa başladı. Minlərlə insan yayın istisində, qışın soyuğunda Məşədi Dadaş məscidinə gələr həyətdə, ən çox da küçədə ayaq üstə dayanaraq Hacı Şahinin xütbələrini dinləyərdi. Çünki bu xütbələr onların anladığı, bildiyi, ata-babadan qalan ənənəvi islam idi. Amma xurafatdan, cəhalətdən arınmış, yeni nəfəs verilmiş din.
 
Biz bu barədə söhbət etmişdik. Hacı milli islam modelləri sözünü qəbul etmirdi, “İslam universaldır, hər ölkənin islamı deyə bir şey yoxdur” deyirdi. Amma onun insanlara öyrətdiyi İslam bu xalqın əsrlərdir mənimsəyib yaşatdığı İslam idi, təpədən-dırnağa qədər bu xalqa məxsus, onun kimlik kodlarını özündə daşıyan bir inanc sistemi idi.
 
Bir dəfə bunu yazmışdım, sosioloq və İslam mütəfəkkiri Əli Şəriətinin əsərlərində əsas qayə budur ki, dinin (inancın, ibadətin) əgər səni bu dünyada xoşbəxt etmirsə, axirətdə də köməyinə çatmayacaq. Əli Şəriəti əsərlərində özünə məxsus sərt üslubda İslamın bu yanaşmasını haqsızlığa qarşı mübarizə, əzilənlərin üsyan çağırışı kimi qoyur. Əlbəttə ki, onun bu sərt metodu hətta öz həmfikirləri arasında da birmənalı qarşılanmayıb, tənqidlərə səbəb olub. Çünki din yalnız üsyandan ibarət deyil.
 
Hacı Şahin də dinin insanı bu dünyada xoşbəxt etmək üçün endirildiyini, o, Əli Şəriətidən fərqli olaraq bunun üsyan etmədən də mümkün olduğuna inanırdı. O göstərirdi ki, bu dünyada dindən həzz ala bilməyən, xoşbəxt olmayan, dinin gözəlliklərini duya bilməyən adam o biri dünyaya “əliboş” gedəcək. Quran ayələri, hədis və rəvayətlərlə isbat edirdi ki, İslam, insanların ilk növbədə bu dünyasını abad etmək üçün endirilib. Və bunun yolu insanlara qarşı dürüst, xeyirxah olmaq, Peyğəmbər və onun Əhli Beytini (ə) və insanları sevmək, dini həyatdan zövq almaqla yaşamaqdan keçir.
 
Hacı Şahin artıq neçə ildir ki, insanlara öz söhbətləri ilə məhz bunu, yəni dindən bu dünyada zövq almalı olduğunu aşılayırdı. Bu, sıradan bir moizə-vəz, Quran ayələri, hədis və rəvayətləri bir-birinin ardınca qoşub danışmaq deyil, bu, həqiqi İslamın dirildilməsi, yenidən tanıdılmasıdır. Buna görə də fikrimcə, Hacı Şahin sıradan bir ilahiyyatçı-vaiz deyil, fikir adamı idi.
 
O, yorulmadan insanlara “ənənəvi İslam” deyilənin əslində əsl İslam olduğunu, sadəcə xurafatdan təmizlənməli olduğunu, İslamın yalnız o biri dünya üçün endirilmiş ayə, hədis və ehkamlardan ibarət olmadığını, həyat dolu, bu dünyamızı işıqlı və abad edə biləcəyini deyirdi. Və özü də öz həyatı ilə bunu nümunə olaraq göstərirdi. Buna görə də sevildi, rəğbət doğurdu, doğurmaqda davam edir. Və ölümü ilə göstərdi ki, bu dövrdə də xalqın sevgisini qazanmaq olar.
 
Kənan Rövşənoğlu,








Redaktorun seçimi