Ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq - Arzu Bağırova­

Hit: 625
Ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq - Arzu Bağırova­
Qeyri – hökumət təşkilatları arasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) rolu və beş illik fəaliyyəti onu digər təşkilatlardan fərqləndirir. İctimai birliyin sədri Arzu Bağırova­nın xeyriyyəçilik fəaliyyətini sadalamaqla bitməz. Onu ötən illərdə yalnız paytaxt sakinləri arasında, müxtəlif tədbirlərdə deyil, bölgələrdə də görmüşük. Özü də qayğıya, diqqətə, yardıma daha çox ehtiyacı olan aztəminatlı təbəqənin, şəhid ailələrinin və qazilərin yanında... Arzu xanımın çox tez-tez şəhidlərin anım günlərində bölgələrdə, onların ailə üzvlərinin yanında olub ailələrə təskinlik verməsi, mənəvi və maddi dəstəyi əsirgəməməsi təqdirəlayiqdir.
 
Martın 5-də RHİM İB 5 yaşını qeyd etdi. Ötən ay Türkiyədə baş verən dəhşətli zəlzələdə qardaş ölkəyə ilk maddi dəstək göstərənlərdən biri olan Arzu Bağırova  günlərlə yardım kampaniyasına qoşuldu. Kiməsə yardım edəndə özündə mənəvi rahatlıq tapan xanım həyata keçirdiyi layihələri ənənəvi olaraq hər il hesabat şəklində ictimaiyyətə təqdim edir, üzərrinə götürdüyü missiya ilə vətəndaşlara, özəlliklə, əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışır. 8 Mart qadınlar Günü ərəfəsində söhbət zamanı Arzu xanım dedi:
 
– RHİM İB peşəkarlıq və sədaqət meya­rına uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdıl­ması, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhu­nun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi fəaliyyətimizdə aparıcı yer tutur. RHİM İB, öz adına da uyğun olaraq, müxtəlif mətbuat orqanlarında ardıcıl olaraq maarifləndirici çıxışlar, çoxsaylı kitabların nəşri və yaddaqalan tədbirlərin təşkili, ali dövlət rəhbərliyinin inkişaf strategiyasına dəstək məzmunlu aktual layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparıb.
 
Vətən müharibəsindəki möhtəşəm Qələbədən, cənab Prezidentin və birinci xanımın əhalinin həssas qruplarına olan münasibətindən söz açan Arzu Bağırova dedi:
 
 
– Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində bizim torpaqlarda möhkəmləndirdiyi silahlı qüvvələrini darmadağın edib, böyük Zəfərə imza atdı. “Dəmir yumruq” kimi birləşib və düşmənin başı­nı əzərək, işğaldan azad etdiyimiz torpaqlarımı­za insaniyyət, mədəniyyət, quruculuq, abadlıq gətiririk. İndi qalib xalq kimi beynəlxalq aləmə üzüağ çıxırıq. Bundan sonra bütün platformalarda Qarabağdakı Zəfərimizdən danışacağıq. Bu zəfərin qazanılmasında can verənlərin adlarının əbədiləşdirməsinə çalışacağıq.
 
 
Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə xüsusi sevgi ilə ya­naşır, onların problemlərinin operativ şəkildə həll olunmasını təmin edir, şəhidlərimizin xatirələrinin yaşadılması üçün çoxşaxəli fəaliyyət göstərir. Birinci xanımın fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, dün­yada sülhün, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə mühüm töhfə verir və bizim üçün örnəkdir. 
 
 
Tədbirlərdə bizə yaxından kömək göstərən və dəstək olan Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və onun rəhbərlik etdiyi, sıx əməkdaşlıq etdiyimiz “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinə öz dərin minnətdarlığımızı bildiririk. 
 
Söhbətimizin sonunda hazırda təsisçisi olduğu “Gözəl Yaşam Mərkəzi”ndə xanımlara bacarıqlı peşəkarların hər cür – atelye, pilatez, manikür-pedikür, permanent, lazer və kosmetoloji xidmət göstərməsindən qürur duyduğunu bildirdi. Bayram günlərində ailə üzvlərinin deyil, həssas kateqoriyadan olan insanların yanında olmağı seçən Arzu xanıma və kollektivinə yorulmaz, işıqlı fəaliyyətlərində uğurlar arzu edirik.
 
 
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”








Redaktorun seçimi