Tovuz “ASAN xidmət” mərkəzində 875 minə yaxın müraciət qeydə alınıb

Hit: 365
Tovuz “ASAN xidmət” mərkəzində 875 minə yaxın müraciət qeydə alınıb
Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  4 mart 2020-ci il tarixində baş tutub.
 
Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD mərkəzi,  “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, ”ABAD məktəb” təlim mərkəzi, ASAN Hərbi Vətənpərvərlik Mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.
 
Tovuz regional “ASAN xidmət” mərkəzi 4 may 2020-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 875 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dan çox xidmət həyata keçirilir.
 
Tovuz "ABAD Factory" Bitkilərin emalı və qurudulması fabrikində müxtəlif növ müalicəvi bitki çaylarının istehsalı və yerli meyvə çeşidlərinin qurudulması həyata keçirilir.
 
Tovuz "ABAD məktəb"ində isə dərzilik, İKT, emalatxana və digər peşələr üzrə təlimlərin təşkili üçün şərait mövcuddur və vaxtaşırı bu kimi təlimlər təşkil edilir.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 64 nəfərdir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.
 
ASAN Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edirlər. Mərkəzin “ASAN xidmət”də yerləşməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradır.
 
Kompleksdə fəaliyyət göstərən Kinoklubda hərəsinin 63 nəfər tutumu olan 2 ədəd kinozal var.
 
Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 24 yerlik kafe var.








Redaktorun seçimi