Göygöldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR

Hit: 594
Göygöldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir. 1992-ci il fevral 26-sı qarlı-şaxtalı bir gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
 
Xocalı soyqırımının qurbanlarının günahı yalnız azərbaycanlı olmaq idi. Vəhşiləşmiş erməni hərbi birləşmələri həmvətənlərimizi milli mənsubiyyətinə görə qəddarlıqla, amansızlıqla qətlə yetirdilər. Düşmən o qədər vəhşiləşmişdi ki, gözünə nə uşaq, nə qadın, nə qoca görünürdü, qarşısına çıxan hər kəsi qəddarlıqla qətlə yetirirdi. 
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
 
Ermənilər Xocalıda təkcə insanlarımıza qarşı deyil, tariximizə, mədəniyyətimizə qarşı da cinayət törədib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. 
 
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.
 
Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. 
Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, ehtiramla anır. 
 
44 günlük Vətən müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
26 fevral 2023-ci il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Göygöl  rayon ərazisində Azərbaycanın Dövlət bayrağı endirilib, Ümummilli Lider Heydər Əliyevin abidəsi və Göygöl şəhər Şəhidlər Xiyabanında şəhid məzarları ziyarət olunub,  saat 17:00-da bütün rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1
1
1
1








Redaktorun seçimi