Akademik İsa Həbibbəyli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Hit: 685
Akademik İsa Həbibbəyli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Dekabrın 8-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.
 
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında baş verən proseslərin, dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin ən yüksək həddə çatdığını və Azərbaycan-Türkiyə birliyinin bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan sıx münasibətlər Türk dünyasının, eləcə də Türk Dövlətləri Təşkilatının dirçəlməsinə təkan verib. 
AMEA rəhbəri vurğulayıb ki, ölkələrimiz arasında və Türk dünyasında baş verən canlanma Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın və möhkəm dostluq münasibətlərindən qaynaqlanır. Türkiyə və Azərbaycan xalqlarının bu münasibətləri dəstəklədiyini və bundan qürur duyduqlarını deyən akademik İsa Həbibbəyli qardaş ölkənin daim Azərbaycanın yanında olan, onu bütün platformalarda dəstəkləyən Rəcəb Tayyib Ərdoğan kimi dünya lideri nüfuzuna malik Prezidentinin olmasının Türk dünyası üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
 
Bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının Türkiyənin TÜBİTAK, Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türkiyə Elmlər Akademiyası və digər elmi qurumları və universitetləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, hazırda sözügedən təşkilatlarla birgə layihələr həyata keçirilir, münasibətlərin daha da dərinləşməsi istiqamətində əməli addımlar atılır.
Akademiya rəhbəri, həmçinin hazırda türkiyəli alim prof. Dr. Əhməd Nuri Yurdesevin prezidenti olduğu Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasında AMEA-nın üzvlüyünün genişləndirilməsi istiqamətində addımların atıldığını, Dr. Əhməd Nuri Yurdesevin ölkəmizə dəvət edildiyini bildirib.
 
Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı əvvəlcə akademik İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycan və Türkiyə Prezidentləri arasında olan yüksək dostluq münasibətləri hər kəsi özünə gətirdi, Türk Dövlətləri Təşkilatının, Beynəlxalq Türk Akademiyasının, Türk Ağsaqqalları Birliyinin canlanmasına, media və digər sahələrdə əlaqələrin genişlənməsinə təkan verdi və hazırda tək millət olmağa doğru inamla irəliləyirik. “Şuşa Bəyannaməsi”ni Azərbaycan-Türkiyə münasibətlərinin Ana yasası kimi qiymətləndirən səfir Cahid Bağçı bu günlərdə ordularımızın iştirakı ilə keçirilən “Qardaş yumruğu” təliminin müxtəlif qüvvələrin məkrli planlarına qarşı ən tutarlı cavab olduğunu bildirib: “Bizim üçün Azərbaycan deyəndə, axan sular durar. Bu gün ölkələrimizin qurumları arasında çox sıx münasibətlər var və bunun daha da genişlənməsinə çalışırıq. Sizin Akademiya prezidenti seçilməyiniz Azərbaycan-Türkiyə münasibətlərinə güc qatacaqdır”.
Öz növbəsində təbrikə görə minnətdarlığını bildirən akademik İsa Həbibbəyli Türkiyə səfirinin Akademiyaya ziyarətinin və təbrikinin Türkiyənin Azərbaycana olan hörmətinin ifadəsi olduğunu deyib. Vurğulayıb ki, dövlət başçılarımızın apardığı siyasəti cəmiyyətlərimizə aşılamaq və dünyaya çatdırmaq bizim borcumuzdur: “Qardaş yumruğu” təlimi Azərbaycan-Türkiyə birliyinin hansı güclər qarşısında bir olacağının nümunəsidir. Bizim taleyimiz birdir. Biz min illərdir qardaşıq, amma heç bir zaman münasibətlərimiz bu səviyyədə olmayıb. Bunun təməlində Azərbaycan və Türkiyə Prezidentlərinin əqidə qardaşlığı və sınaqlardan çıxmış dostluq münasibətləri dayanır”.
 
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və səfir Cahid Bağçı AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.
 









Redaktorun seçimi