AzMİU ilə DOST Agentliyi arasında memorandum imzalanıb

Hit: 540
AzMİU ilə DOST Agentliyi arasında memorandum imzalanıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandomu imzalanıb. 
Memorandomu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar. 
 
Sənədə əsasən, tərəflər  arasında praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, statistika və təhlillərin aparılması sahəsində əməkdaşlığın qurulması, müvafiq sahədə maarifləndirilmə, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi memorandumda qeyd olunub.  
 
Memorandumda əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra fəaliyyət istiqaməti də razılaşdırılıb:
 
- AzMİU-nun tədris-innovasiya infrastrukturundan Agentliyin aidiyyəti əməkdaşlarının faydalanması və dövlət sektoru ilə Universitet arasında əlaqələrin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq platformasının hazırlanması;
- Universitetdə fəaliyyət göstərən ixtiraçıların və ya peşəkar tədqiqatçıların təkliflərindən Agentliyin fəaliyyətində istifadə olunması üçün tədbirlərin görülməsi;
- müxtəlif ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrin müvafiq sahədə könüllü və digər proqramlarda, o cümlədən seminar və təlimlərdə iştirakının dəstəklənməsi;
- əhalinin sosial təminat sahəsində dövlət xidmətlərinin inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin Universitetin təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi üçün tədbirlərin görülməsi;
- Agentliyin işində elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması və təkliflərin hazırlanması məqsədilə birgə fəaliyyət göstərilməsi; 
- Agentliyin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən Universitet tələbələri üçün dövlət idarəetməsinin müxtəlif istiqamətləri üzrə “ustad dərsləri”nin təşkil edilməsi;
- idarəetmə, sosial-iqtisadi, təhlil və statistika, insan resursları və ictimaiyyətlə əlaqələr və digər sahələrdə təlimlərə tərəflərin mütəxəssislərinin təlimçi kimi dəvət edilməsinin təmin edilməsi;
- birgə layihələrin həyata keçirilməsi və s.
 
Qeyd edək ki, Memorandumun imzalanması məqsədilə DOST Agentliyinin nümayəndə heyəti AzMİU-da olub. Qonaqlarla görüşdə memorandumda əks olunan əməkdaşlıq istiqamətləri, fəaliyyət sahələri, eləcə də iki perspektiv imkanlar haqqında geniş fikir mübadiləsi aparılıb.









Redaktorun seçimi