Şəkidə mediasiya islahatları üzrə ictimai dinləmələr keçirilib

Hit: 828
Şəkidə mediasiya islahatları üzrə ictimai dinləmələr keçirilib
Şəki şəhərində mediasiya islahatları üzrə ictimai dinləmələr və “Açıq qapı” günü keçirilib.
 
Bu barədə Mediasiya Şurasından məlumat verilib.
 
Bildirilib ki, tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub. Ümummili Liderin xatirəsini ehtiramla qeyd edən Mediasiya Şurasının rəhbərliyi və mediatorlar ziyarətdən sonra ictimai müzakirələrə başlayıb.
 
29-30 noyabr 2022-ci il tarixində, saat 15.00-da Şəki 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı, ictimai dinləmələr keçirilib. 30 noyabr 2022-ci il tarixində isə bütün gün vətəndaşlar üçün “Açıq qapı” günü təşkil edilib.
 
İctimai təqdimatda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev, Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik şöbəsinin sədri Əhmədiyyə Bəşirov, Şəki Regional Vəkil Bürosunun müdiri Xəyal İbrahimov, Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı, icraçı direktoru Rəfael Cabbarov çıxış ediblər.
 
Tədbiri öz giriş sözü ilə açan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına Mediasiya Şurasının fəaliyyəti barədə geniş və ətraflı hesabat verib. O qeyd edib ki, Mediasiya Şurası öz fəaliyyətində şəffaflıq prinsiplərini əsas prioritet kimi seçib. “Şəffaflıq Mediasiya Şurasının ana xəttidir. Ölkəmizdə aparılan mediasiya islahatları artıq öz müsbət bəhrəsini verməkdədir. Vətəndaşlarda və hüquqi şəxslərdə mübahisələrin mediasiya yolu ilə həll etmək sahəsində çox yüksək mədəniyyət formalaşır. Mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq olmalıdır. Biz də nəticələrimizi, uğurlarımızı, problemlərimizi hər zaman ictimaiyyətə açıq elan edirik. Fəaliyyətimiz barədə ictimaiyyətə açıq məlumat verməklə hər bir mediasiya təşkilatının və hər bir mediatorun da qarşısında fəaliyyətlərini şəffaf əsaslarla qurmaq tələbini qoyuruq. Eyni zamanda ictimaiyyəti mediasiya islahatlarına ictimai nəzarətə dəvət etmişik və bundan sonra da bu davam edəcəkdir.” – deyə N. Adilov bildirib.
 
Tədbirdə iştirak edən Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev, Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev öz çıxışlarında ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarında məhkəmə hakimlərinin üzərinə böyük bir məsuliyyət düşdüyünü qeyd edib. Çıxış edənlər bildiriblər ki, bu gün məhkəmə sisteminin müasirləşdirilməsi, yeni inzibati binalara və innovasiya yönümlü infrastrukturla təchiz edilməsində Ədliyyə Nazirliyinin mühüm və danılmaz dəstəyi var. Məhz bu dəstək nəticəsində bu gün elektron məhkəmə sistemi vasitəsi ilə vətəndaş məmnunluğunun artırılması və məmnunluğun inkişaf faizi günbəgün artır.
 
Eyni zamanda mövcud olan çətinliklər, nöqsanlar və onların həlli yolları müzakirə edilib, hakimlər öz çıxışları zamanı qeyd ediblər ki, yeni yaranmış Mediasiya Şurasının təşəbbüsü ilə, məhkəmə hakimlərinin iştirakı ilə, ümumilikdə mediasiya uğurlu inkişaf yolundadır və artıq mediasiyada baxılmalı olan işlər üzrə məhkəməyə gələn işlərin sayında azalma və nəticə etibarı ilə keyfiyyət mərhələsinə qədəm qoyulduğunu müşahidə etmək mümkündür. Çıxışçılar qeyd etmişdir ki, bu gün Mediasiya Şurasının problemləri məhkəmə hakimlərinin iştirakı ilə müzakirə etməsi, bu problemlərin birgə həllinə çalışmaq və bu zaman məhkəmə hakimlərinin müstəsna rollarının olduğunu və bu rolun yüksək qiymətləndirildiyini eşitmək çox xoşdur.
 
Çıxışçıların qeyd etdiyinə görə, bu günkü tədbir problemlərin birgə müzakirəsi problemlərin həllində vahid yanaşmanı təmin etmək üçün də gözəl bir fürsətdir. Eyni zamanda Mediasiya Şurası mediasiya təşkilatları ilə birgə heç bir pozuntuya göz yummur və problemləri bütün iştirakçılarla birlikdə müzakirə etməkdən çəkinmir. Bu isə əlbəttə ki, ölkəmizdə aparılan islahatlar xəttinə tam uyğundur.
Həmçinin Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, Himayəçilik və Qəyyumluq şöbəsinin sədri Əhmədiyyə Bəşirov da öz çıxışında ümumilikdə mediasiyanın uğurlu inkişaf yolunda olduğunu, artıq mediasiyada baxılmalı olan ailə mübahisələri üzrə Qəyyumluq və Himayəçilik şöbəsinə daxil olan işlər üzrə Şəki 1 saylı mediasiya təşkilatı ilə səmərəli əməkdaşlıq etdiklərini qeyd edib.
 
Tədbir zamanı Şəki Regional Vəkil Bürosunun müdiri Xəyal İbrahimov çıxış edərək Şəki Regional Vəkil Bürosu ilə Şəki 1 saylı mediasiya təşkilatı arasında çox səmərəli və işgüzar münasibətlərin qurulduğunu qeyd edib. O bildirib ki, Mediasiya Şurası və Vəkillər Kollegiyası arasında olan sıx və səmərəli əməkdaşlıq regionlarda fəaliyyət göstərən vəkillər və mediatorlar üçün, eyni zamanda onların təmsil olunduqları bürolar və təşkilatlar üçün də bir örnək olmalıdır.
 
Digər qonaqlar və mediatorlar öz çıxışlarında mediatorların keyfiyyətli barışıq sazişləri əldə etmələrindən, ölkəmizdə mediasiyanın uğurlu inkişafından, vətəndaş məmnunluğundan, vəkillərlə mediatorlar arasında sıx münasibətlərin olması barədə qeydlərindən söz açıblar.
 
Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı da təşkilatın fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı hesabat verərək bildirib ki, regionda qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Şəki 1 saylı mediasiya təşkilatı kifayət qədər ciddi uğurlara imza atıb. Əsas məqsədimiz mediasiya sahəsində keyfiyyətli barışıq sazişlərinin sayının artırılması, şəffaflığın təmin edilməsi, vətəndaş məmnunluğunun əldə olunması olduğunu bildirən təşkilat rəhbəri əlavə etmişdir ki, mövqeyimiz Mediasiya Şurasının bizim üzərimizə qoyduğu məsuliyyətli yükün öhdəsindən gəlmək, mediasiya islahatlarına töhfə vermək və dövlətimizin bizə göstərdiyi etimadı doğrultmaqdır.
 
Eyni zamanda Şəki 1 saylı mediasiya təşkilatı ilə mülki müqavilə imzalamış digər region mediatorları ilə Mediasiya Şurası rəhbərliyinin ayrıca görüşü də təşkil edilib, bu görüşdə uğurlar, qayğılar, problemlər müzakirə edilib.
 
Tədbirdə Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı, icraçı direktoru Rəfael Cabbarov da daxil olmaqla, Şəki 1 saylı mediasiya təşkilatı ilə mülki müqavilə əsasında əməkdaşlıq edən mediatorlar Elbrus Məmmədov (Şəki), Siracəddin Rüstəmov (Oğuz), Nizamə İsmayılova (Balakən), Niyazi Məmmədov (Zaqatala), Mehdi Hüryanov (İsmayıllı), Kəmalə Əhmədova (İsmayıllı), Ədalət Əliyev (Qəbələ), Günel Ağayeva (Qəbələ), Nicat Rüstəmov (Ağsu), Zamiq Abdullayev (Zərdab), Pünhan Quliyev (Ucar), Akif Kərimov (Göyçay), Ayaz Ədilov (Mingəçevir) ilə yanaşı, yeni dövlət qeydiyyatına alınmış mediasiya təşkilatları rəhbərlərindən Mingəçevir 1 saylı mediasiya təşkilatının rəhbəri İsmayıl İsmayılov, Goranboy 1 saylı mediasiya təşkilatının rəhbəri Vüsalə Tağıyeva, 2022-ci ildən fəaliyyət göstərən Gəncə 1 saylı mediasiya təşkilatının həmtəsisçisi Kübra Ələkbərova, Bakı 9 saylı mediasiya təşkilatının direktoru Leyla Nəsibova və digər qonaqlar iştirak ediblər.
 
Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlının təqdimatı əsasında, təşkilatla mülki müqavilə bağlamış mediatorlara göstərdikləri səmərəli mediasiya fəaliyyətlərinə görə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən təşəkkürnamələr təqdim edilib.
 
Tədbirin ikinci günü, yəni “Açıq qapı” günündə isə marketinq planınına uyğun olaraq, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən təşkilatın mediatorları ilə birgə qəbul keçirilib, Şəki 1 saylı mediasiya təşkilatına gəlmiş hər kəsin mediasiya barədə sualları cavablandırılıb, meydana çıxan bütün problemlər təhlil edilib, daha güclü nəticələrə nail olmaq üçün səylərin səfərbər ediləcəyi diqqətə çatdırılıb.









Redaktorun seçimi