Qənirə Paşayeva şəhid Əkbər Hüseynovun anası ilə görüşüb

Hit: 831
Qənirə Paşayeva şəhid Əkbər Hüseynovun anası ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Əkbər Hüseynovun anası Tahirə Hüseynova ilə görüşüb. Şəhid anası ilə ətraflı söhbət edən Komitə sədri, onun ürək sözlərini dinləyib, şəhid əsgərimizin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb.
Komitə sədri müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək həssasiyətindən, diqqət-qayğısından söz açıb, həmin həssasiyyətin, diqqət-qayğının hər bir Millət vəkili, hər bir məmur və cəmiyyətin hər bir aparıcı üzvü üçün də örnək olduğunu deyib.
 
Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma görüş olduğunu deyib, şəhid əsgərin əziz ruhuna dərin sayğılarını bildirib.
Qeyd edək ki, Əkbər Bahadur oğlu Hüseynov (11 iyul 2001, Bakı – 29 sentyabr 2020, Talış kəndi, Tərtər) – 2007-2018-ci illərdə Bakı şəhərindəki 252 saylı tam orta məktəbdə təhsil alıb. 11 yaşından kikboks idman növü ilə məşğul olub.
 
2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Öncə Goranboy rayonu ərazisində, daha sonra Mingəçevir şəhərindəki “N” saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücumun ilk saatlarından  döyüşlərdə olub.
Şəhid Əkbər Hüseynov Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Əkbər Hüseynov  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid əsgərimiz həmçinin “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
 
Ruhu şad olsun!








Redaktorun seçimi