Dənizçilərin Vətən müharibəsində iştirakından bəhs edən "Hər biri qəhrəmandır" kitabının II cildi işıq üzü görüb - VİDEO

Hit: 4090
Dənizçilərin Vətən müharibəsində iştirakından bəhs edən "Hər biri qəhrəmandır" kitabının II cildi işıq üzü görüb - VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin korporativ sosial məsuliyyəti çərçivəsində ərsəyə gələn “Hər biri qəhrəmandır” kitabının ikinci cildi işıq üzü görüb.
 
Kitabın budəfəki cildi də ölkəmizin dəniz nəqliyyatı sektorunun müxtəlif sahələrində çalışan, həmçinin bu sahə üzrə təhsil almış igidlərimizə həsr olunub. Bu nəşrdə ASCO-da çalışan həmkarlarımızın şəhidlik zirvəsinə ucalan doğmalarından da bəhs edilir. Kitabda haqqında danışılan igidlərimiz sırasında Zəfərdən sonra ASCO-nun donanmalarına, sahil müəssisə və təşkilatlarına işə qəbul edilən Vətən müharibəsi iştirakçıları da yer alıb.
 
Ümumilikdə bu cilddə 8 şəhid, 95 müharibə iştirakçısının həyatından və şərəfli döyüş yolundan söz açılır.
 
Kitabda yer alan qəhrəmanlarımız haqqında məlumatlar müxtəlif sənəd və faktlara, eləcə də onların danışdıqlarına söykənir.
 
“Hər biri qəhrəmandır” kitabında rəşadətli  Ordumuzun əsgəri və ya zabiti kimi yazdıqları Zəfərlə bizə başucalığı, sonsuz qürur və fəxarət hissi bəxş edən igidlərimizin Vətən eşqi, doğma yurda-torpağa bağlılığı və sədaqəti önə çəkilir.
 
Həm yenicə çap olunan, həm də bundan öncəki nəşr onlara minnətdarlığımızla yanaşı, müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyünü təmin etmək kimi müqəddəs amal uğrunda canını və qanını əsirgəməyənləri heç vaxt unutmayacağımızın təsdiqidir. Bu kitab həm də qorxmadan, fədakarlıqla silaha sarılan igidlərimizin qəhrəmanlıqlarını gələcək nəsillərə ötürmək məqsədi daşıyır. 








Redaktorun seçimi