Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinə yekun vuruldu

Hit: 202
Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinə yekun vuruldu
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinə dekabrın 15-də yekun vuruldu.
Ölkə miqyasında böyük maraqla qarşılanan müsabiqənin təşkili respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyırdı.
 
Müsabiqə Azərbaycanın qədim milli musiqi alətləri olan tar, kamança, saz, balaban, qarmon və kanon üzrə təşkil olunmuşdu. Dekabrın 1-dən 10-dək davam edən, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri və Ağcabədi rayonlarında təşkil olunan ilk mərhələdə müxtəlif rayon və şəhərlərin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edib. Birinci mərhələnin yekunu olaraq iştirakçılardan 143-ü növbəti mərhələyə vəsiqə qazanıb.
 
Müsabiqənin ikinci turu Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutub. Uşaq və yeniyetmə istedadların mübarizəsi iki yaş qrupu üzrə aparılıb. I yaş qrupunda 10-13, digər yaş qrupunda isə 14-17 yaşlı yeniyetmələr təmsil olunub.
 
8 nəfərdən ibarət münsiflər heyətində Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Ağasəlim Abdullayev, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər namizədi Arif Əsədullayev, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Zakir Mirzəyev və digər tanınmış sənət adamları yer alıb.
 
Münsiflər heyətinin qərarı ilə tar ifaçılığı üzrə I yaş qrupunda (10-13) I yerə Əli Məlikov, II yerə Rəhman Abdullayev, III yerə isə Orxan Zeynalov layiq görülüb. Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, fəxri fərmanları və pul mükafatlarına layiq görülüblər. Bundan başqa Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və Salyan şəhər və rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdləri müsabiqədə fərqləndiklərinə görə tərifnamələrə layiq görülüb.








Redaktorun seçimi