Həmin sinifdə olan bütün şagirdlərlə görüşülüb danışılmalıdır - AÇIQLAMA

Hit: 715
Həmin sinifdə olan bütün şagirdlərlə görüşülüb danışılmalıdır - AÇIQLAMA

Son günlərdə Bakı şəhərində yerləşən məktəblərdən birində baş verən xoşagəlməz hadisə yəqin ki, hər birimiz tərəfindən heç də xoş hal kimi qarşılanmadı. Məktəb şagirdinin öz sinif yoldaşını o cür formada döyməsi, bullinqə məruz qoyması videosu qısa zamanda sosial şəbəkələr və informasiya portallarında yayıldı, cəmiyyət tərəfindən haqlı etirazlara səbəb oldu.

Əslində bu hadisə məktəblərdə baş verən ilk hadisə deyil. Bir çoxumuz əslində bu və bu kimi bənzər hallarla məktəbdə oxuyarkən qarşılaşmışıq. Sadəcə indi texnologiyaların inkişafı və sosial şəbəkələrin qlobal səviyyədə istifadəsi nəticəsində bəzi hallarda bu cür neqativ halların işıqlandırılması nəticəsində məlumatlı oluruq.

Məlum hadisə ilə bağlı aparılan ilkin araşdırmalar və hadisə baş verən məktəb şagirdlərinin, müəllimlərin açıqlamaları nəticəsində məlum olur ki, digər tərəfi bullinqə məruz qoyan şagirdin ailəsində münasibətlər heç də xoş olmayıb. Təbii ki, qeyd etdiyim amilllər onu sinif yoldaşını döyməsinə haqq qazandırmır, amma yeniyetməlik dönəmini və ailədə olan problemləri nəzərə alsaq, bu kimi halların gələcəkdə də baş verməsi istisna edilmir.

Digər tərəfdən şiddətə məruz qalan şagirdin videosunun qısa zamanda yayılması ona fiziki travmalarla yanaşı psixoloji travmalar yaşamağa da səbəb oldu. İstər məktəbdə öz sinif yoldaşlarının gözü önündə döyülməsi, istərsə də videosunun ölkə ərazisində yayımlanmasının yeniyetmə yaşında bir şagirdə hansı psixoloji təsirlər edəcəyini təsəvvür etmək o qədər çətin deyil.

Ümumiyyətlə bildirməliyəm ki, bugün məktəblərdə bir sıra şiddət növü ilə qarşılaşa bilirik. Ağırlıq dərəcəsinə görə yüngül və ağır dərəcəli olan şiddət növləri hər iki halda xoş olmayan nəticələrə gətirib çıxarır. Şagird-şagird və ya müəllim-şagird arasında baş verən, rast gəlinən şiddət növlərinin bəzilərinə nəzər yetirək.

Fiziki cəza – Bu qəsdən və ya düşünülməmiş şəkildə birinin digərinə reaksiyası ola bilər. Şagirdlərin bir-birini itələməsi və ya vurmasını nümunə göstərə bilərik.

Tiranlıq və ya zorbalıq – Bunu edənlərin bir çoxu aqressiv və güc tətbiq etməyə meyilli olurlar. Gücə əl atmayanlar isə daha çox emosional təzyiq göstərə bilir. Hər iki halda zorakılığın qorxusu və narahatlığı bəzi uşaqların məktəbə getməməsinə və ya özləri zorakılığa əl atmalarına səbəb olur.

Qorxutmaq, təhqir etmək – Fiziki zorakılıqla hədələmək və ya digər tərəfin əşyalarını sındırmaq, istehza və ya təhqir etməklə alçaltmaq vəziyyətidir. Bu hallar təkcə məktəbdə deyil, gündəlik həyatımızda mütəmadi qarşılaşdığımız şiddət növüdür.

Abstraksiya – Bir şagirdin həmkarları ilə əlaqələrini məhdudlaşdırmaq, fiziki məhdudluğa gətirmək vəziyyətidir.

Yuxarıda qeyd etdiyimiz şiddət növləri daha çox eşitdiyimiz və gördüyümüz hallardır. Bu kimi halların azaldılması üçün daha geniş, dərin və kompleks araşdırmalar, işlər həyata keçirilməsi labüddür.

Əslində məlum hadisənin baş verməsi və onun yayılması cəmiyyətimiz, təhsilimiz üçün xəbərdarlıq siqnalı kimi dəyərləndirilməlidir. Xüsusilə burada əsas yük, məsuliyyət direktor və müəllimlərin, o cümlədən məktəb psixoloqlarının üzərinə düşür. Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdır. Hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları görüb, hiss edərlərsə bu barədə direktor, məktəb psixoloqu və ailəsinə xəbər verməlidirlər. Həmin şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit və anlaşıqlı formada profilaktik söhbət edilməli, onu narahat edən məqamları dinləməli, etdiklərinin yalnış olduğunu və hansı fəsadlar törədəcəyini başa salınmalıdır. Bundan savayı həmin şagirdin ailəsi ilə mütəmadi əlaqədə olmalı, görüşlər keçirilməli, şagirdin öz ailəsi və yaxınlarına olan münasibətləri də araşdırılmalıdır.

Təbii ki, hər bir şagirdə tək-tək zaman ayırmaq mümkün deyil, buna görə də burada müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması labüddür.

Məlum videonu gördükdən sonra bildirməliyəm ki, əslində orda iki şagirdlə deyil, həmin sinifdə olan bütün şagirdlərlə görüşülüb danışılmalıdır. Videoya diqqətlə baxsaq, orda olan şagirdlərdən heç birinin hadisə reaksiya verməməsi, onları aralamaması və hətta bəzi şagirdlərin təşviqedici fikirlər söyləməsi ona əsas verir ki, həmin şagirdlər müxtəlif formada psixoloji narahatlıqlarla üzləşiblər.

Bu kimi hallarla üzləşməmək üçün ilk öncə direktor və müəllimlər daha çevik və operativ davranmalı, baş verən hadisəni gizlətmək əvəzinə, onu lazım gələrsə tərəflərin ailələri ilə birgə həll etməli, məktəb psixoloqu və digər mütəxəssislərlə birgə çalışmalı, valideynlərlə görüşləri daha qısa zamanda və mütəmadi şəkildə reallaşdırmalı, ehtiyac olarsa aidiyatı qurumlardan yardım almalıdırlar. Bundan savayı valideynlər də həmçinin ailə münasibətlərində daha diqqətli olmalı, hər hansı bir mübahisə və anlaşılmazlıq baş verdikdə, daha sakit və övladlarından kənarda həll etməli, övladlarının təhsil aldığı məktəb müəllimləri və sinif rəhbəri ilə sıx əlaqədə olmalı, hər zaman övladının yanında olduğunu hiss etdirməli, onlarla birlikdə vaxt keçirməlidirlər.

Sonda bunu da qeyd edim ki, istər şiddətə məruz qalan, istərsə də şiddət göstərən hər iki şagird bizim vətənimizin övladıdır və onlar sabah vətənimizin keşiyində duracaq. Onların timsalında ölkəmiz, xalqımız üçün gələcəyin layiqli vətəndaşın formalaşması, sağlam cəmiyyətin qurulması uğrunda hər birimiz öz dəstəyimizi göstərməliyik.

 
Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru







Redaktorun seçimi