Neftçalada 5 oktyabr “Müəllimlər günü” qeyd olunub

Hit: 871
Neftçalada 5 oktyabr “Müəllimlər günü” qeyd olunub

5 oktyabr “Müəllimlər Günü” Neftçala rayonunda geniş formada qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və müəllimlər iştirak edib.  

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, ötən təhsil müddətində dünyadan köçən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

“Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyən Ulu Öndər Heydər Əliyev də bu dəyərli peşə sahiblərini çox yüksək qiymətləndirib və Ulu Öndər kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman təhsilə, müəllimlərə diqqət və qayğısı olub.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, müəllim Vüqar Qələşov, MİQ imtahanlarında yüksək nəticə göstərən müəllimə Nazilə Əhmədli, “Əməkdar müəllim” adına laiq görülən Elmir Əsədov, “Tərəqqi” medalı ilə təltif olunan Günay Ağalarova,YAP-nın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Rövşən Allahverdiyev təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində müəllimlərin ordu sıralarında döyüşmələrindən, qələbəmizdən, insan həyatının formalaşmasında müəllimlərin rolundan danışıblar. Təhsilə göstərilən diqqət, qayğıya və 44 günlük Vətən müharibəsindəki qələbəmizə görə bütün müəllimlər adından Cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən, ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan danışıb. Neftçala rayonunda Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni Məktəb layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi şagird və müəllimlərin istifadəsinə verilib, 2022-ci ildə Bankə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən yeni Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının tikintisi yekunlaşıb və Şorkənd kəndində yeni modul tipli məktəbin inşaası davam etdirilir.
Neftçala rayonun ictimai- siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə 5 oktyabr Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi Neftçala RİH başçısının Sərəncamı ilə Fəxri Fərmanlar, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və YAP Neftçala rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.







Redaktorun seçimi