Çox istəyərdik ki, bu kitab inqilabında hamının payı olsun

Hit: 1013
Çox istəyərdik ki, bu kitab inqilabında hamının payı olsun
Sən əgər yazıçı, naşir, kitab bloqqeri deyilsənsə, deməli, kitab təbliği sənin vəzifən deyil
 
Nəyə görə əksər ictimai xadimlərimizi, tanınmış televiziya aparıcılarını, millət vəkillərimizi, müxtəlif səlahiyyətli şəxsləri, ruhanilərimizi kitab təbliğində görmürük? 
 
Nəyə görə sərgilərdə, təqdimatlarda yoxdurlar, öz sosial hesablarında oxuduqları faydalı və maraqlı kitabları bölüşmürlər?
Kitab təbliğini önəmli bilmirlər, ya ümumiyyətlə, mütaliə əhli deyillər? 
 
Təəssüflər olsun ki, ölkəmizdə kitab təbliğinin bir peşə zərurəti olduğu düşüncəsi var. Kitabdan danışmaq, yazmaq, sərgilərdə iştirak etmək, gəncləri mütaliəyə həvəsləndirmək naşir və qələm adamlarının çiyinlərində qalıb. Tanınmış bir şəxsin kitabla bağlı hansısa tədbirdə iştirakı qeyri-adi hadisə kimi sensasiyaya çevrilir.
 
Halbuki cəmiyyəti kitabla qovuşdurmaq missiyası hər kəsin üzərindədir. Həm mənəvi, həm də maddi inkişafımız mütaliənin üzərində qurulub. İstənilən dəyəri, gözəlliyi, inkişaf şövqünü kitabla cəmiyyətə aşılamaq olar. Oxunun həyat tərzinə çevrilməsi üçün hamı çalışmalıdır.
 
Bütün çətinliklərə rəğmən, ötən illərə baxanda ölkədə oxu mədəniyyəti sürətlə inkişaf edir. Kitab böyük bir dəyərə çevrilməyə başlayıb. Davamlı mütaliə edən, kitab dünyasında baş verənləri anbaan izləyən güclü gənclik formalaşır. Bu, çox qürurvericidir. 
Çox istəyərdik ki, bu kitab inqilabında hamının payı olsun və daha sürətli bir irəliləyiş müşahidə edək. Xalqımız hər şeyin ən gözəlinə layiqdir. 
 
Biz Kitaba layiqik. 
 
Kitab Həyatdır
 
Yazıçı, psixoloq Rövşən Abdullaoğlu







Redaktorun seçimi