Bu gün İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür

Hit: 3519
Bu gün İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür
Bu gün hicri-qəməri tarixilə zilhiccə ayının 1-i Həzrət İmam Əli (ə) ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) ailə həyatı qurduğu gündür...
 
Tarixi mənbələrdə izdivacın dəqiq tarixi qeyd olunmasa da, bu evliliyin miladi 622 və ya 623-cü ildə baş tutduğu ehtimal olunur.
 
Mənbələrə əsasən, buna qədər bir çox nüfuzlu səhabə Həzrət Fatimə (s.ə) üçün İslam peyğəmbərinin evinə elçiliyə getmiş, lakin Allahın Rəsulu (s) qızını onlara verməkdən imtina etmişdi. Həzrət Məhəmməd (s) həmin şəxslərə cavabında qızı Fatimənin (ə) yalnız Allahın seçimi ilə ərə veriləcəyini bildirmişdi. Beləliklə Həzrət Məhəmmədin (s) əmisi oğlu, uşaqlıqdan o həzrətin yanında Onun təlim-tərbiyəsi altında böyümüş, İslam dinini ilk qəbul edənlərdən və gələcəkdə müsəlmanların birinci imamı olacaq Həzrət Əli (ə) Fatimə üçün elçiliyə gəlir və Həzrət Peyğəmbər (s) öz qızının da razılığı ilə onların ailə həyatı qurmasına xeyir-dua verir.
 
Tarixi mənbələrdə deyilir ki, Həzrət Peyğəmbər (s) bu mövzu ilə bağlı qızı Həzrət Fatimə (ə) ilə söhbətində "Səni ailəmdən mənə ən əziz olan şəxsə ərə verirəm" deyə bildirib. Peyğəmbər buyurub: "Ey Əli, Allah sənin Rəsulullahın qızı ilə olan izdivacını mübarək etsin. Fatimə necə də yaxşı həyat yoldaşıdır! Sonra isə üzünü Fatiməyə tutaraq buyurub: "Əli çox gözəl həyat yoldaşıdır! Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan bir kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz olan bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!".
 
Toy tədarükünə hazırlıq üçün Həzrət İslam peyğəmbərinin (s) tövsiyəsi ilə İmam Əli (ə) azsaylı maddi sərvətlərindən olan qalxanını satır. Toy mərasiminə rəhbərliyi isə Allahın Rəsulu (s) şəxsən özü icra edir. Onun göstərişi və Mədinə camaatının yardımı ilə sadə toy süfrəsi bəzədilir.
 
Tarixçilər Həzrət Fatimənin (s.ə) cehizlərinin ən zəruri istifadə avadanlıqlarından ibarət sadə və az olduğunu yazıblar.
 
Həzrət Fatimə (s.ə) atasının evindən əri İmam Əlinin (ə) evinə köçdükdən sonra gənc ailə ilk dövrlərdə olduqca kasıb həyat tərzi sürüb. Evlilikdən bir neçə il sonraya qədər Həzrət Fatimə (ə) ev işlərinin hamısını özü görməli olur. Quyudan evə su daşımaqdan Xanımın çiyni qabar bağlayır, taxıl üyütmək üçün əl dəyirmanından istifadə nəticəsində əlləri tez-tez suluq olur. Həzrət Fatimə (ə) öz istəyilə ev işlərinin hamısını öhdəsinə götürür. O, xəmir yoğurur, çörək bişirir, ev-eşiyin təmizlik işlərinə nəzarət edir. İmam Əli (ə) isə çöl-bayır işlərini öhdəsinə götürür. Buna baxmayaraq, o, ev işlərində də Peyğəmbərin qızına yardım edir. Evdən kənarda isə odun toplamaq, əkinçilik, ruzi qazanmaq və sair işləri yerinə yetirir.
 
Bu izdivacdan onların dörd övladı olur. Həsən və Hüseyn Həzrət İslam peyğəmbəri (s) tərəfindən "mənim övladlarım" deyə çağırılır və "cənnət cavanlarının ağaları" adlandırılır. İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra ailənin üçüncü övladı Həzrət Zeynəb (s.ə) dünyaya gəlir. Dördüncü uşaq Möhsün isə Həzrət Fatimənin (ə) bətnində ikən düşür və vəfat edir.
 
Mənbələrin yazdığına əsasən, Həzrət İmam Əli (ə) və Həzrət Fatimənin (ə) ailə həyatı 10 il davam edib. İslam şəriətində çoxarvadlılığa icazə verilsə də, İmam Əli (ə) Həzrət Fatimənin (s.ə) sağlığı dövründə ikinci dəfə evlənmir, yalnız onun şəhid edilməsindən sonra ailə qurur.
 
Həzrət İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (s.ə) ailə həyatı bu gün də yeni evlənən gənclər üçün ən gözəl nümunədir. 








Redaktorun seçimi