Tanınmış şair, tərcüməçi, publisist Vaqif Bəhmənlinin doğum günüdür
Tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Bəhmənlinin bu gün doğum günüdür.
Faktor.az xatırladır ki, V.Bəhmənli 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1973-78 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.
Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisi baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb.Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olmuşdur.










































































