İzzət Bağırov: "Xarici aktyorların üz-gözləri qırış içindədir, bizimkilər isə...” - Müsahibə

Hit: 8135
İzzət Bağırov: "Xarici aktyorların üz-gözləri qırış içindədir, bizimkilər isə...” - Müsahibə

“Heç vaxt pul verib efirə çıxmamışam”

Faktor.az-ın müsahibi heç vaxt məşhurluğunu itirməyən müğənni, aktyor İzzət Bağırovdur.

- Bir vaxtlar çox məşhur olan “7-17” müsabiqəsindən sonra sürətlə tanınmağa, sevilməyə başladınız. Maraqlıdır, bu məşhurluğun qazanılmasında başqa nələrin, kimlərin köməyi oldu?

- Bəli, hər bir işdə istər müğənni olsun, istər başqa biri adam, dəstək olan olmayacaqsa, qabağa getmək mümkün deyil. Mən “7-17” müsabiqəsinə ağlıma gəlməyən bir formada qatılmışam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “tar” sinfində oxuyurdum. “7-17”-nin müsifləri Malik Məmmədov başda olmaqla, istedad axtarmaq məqsədilə bizim məktəbə gəlmişdilər. Həmin vaxt mən də otaqda özüm üçün zümzümə edirdim. Təsadüfən məni orda eşitdilər. Təklif elədilər ki, yarışmada iştirak edim. Dedim axı mən “tar” üzrə təhsil alıram. İsrar etdilər deyə, mən də qatıldım.

Həmin ərəfədə dostum Vüqar Camalzadə belə bir təklif etdi ki, gəl, bir “Vətən” qrupu yaradaq. Bu qrup yaranandan sonra elə mən də başladım orda müğənni kimi çalışmağa. Oxuya-oxuya o müsabiqəyə qatıldım. Tar qaldı ikinci planda, mən müğənni kimi fəaliyyətə başladım. İlk mahnımı Vüqar Camalzadə yazdı. Daha sonra İbrahim Tatlısəsin repertuarından mahnılar oxudum. Mən 1991-ci ildən efirdəyəm.”7-17”-nin rəhbəri Nazim Abbas, Malik Məmmədov  mənə çox dəstək olub. 1995- ci ildən fəaliyyətimi daha da genişləndirməyə başladım. Dövlət televiziyasında artıq mənim solo konsertlərim çəkilirdi. Elə o ildə oxuduğum “Külək hayandan əsdi” mahnısı yaradıcılığımın ən uğurlu mahnısı oldu. Dövlət televiziyasında Vüqar Əhməd, Ramiz Mirişli, Bəxtiyar Qaraca, Nailə Muradxanlı kimi insanlar mənə yaşıl işıq yandırdılar.

- Bir neçə il öncə tanınmaq çox çətin idi. Hər adama qismət olmurdu. Mütləq sponsor olmalı idi. İndi hər şey daha asandı sanki. Bəs İzzət bəyin haçansa sponsoru olubmu?

- O illərdə sponsora ehtiyac yox idi, çünki, yaxşı adamlar çox idi. Adlarını qeyd etdiyim insanlar məgər məndən pul alıblar? Yox. Mən heç vaxt pul verib, efirə çıxmamışam. İstedadlı adamlara hər yerdə işıq yanacaq. O vaxtı mahnı oxumaq indiki kimi asan deyildi. Mahnılar lentdə yazılırdı. Xırda səhv olsaydı, yenidən yazılmalı idi. Hələ o vaxtı Ramiz Mirişli mənim mahnıma qulaq asandan sonra Vüqar Əhmədə dedi ki, bu uşağın teleteatrda 20 dəqiqəlik konsertini çək və proqrama ilə efirə ver. Və orda qeyd elə ki, oxuyur gənc müğənni İzzət Bağırov. Mən bunlara görə heç vaxt, heç yerdə pul ödəməmişəm. Yaxşı insanlar şərait yaradırdlılar ki, qoy oxusun, qoy tanınsın. Tanınandan sonra isə heç vaxt sponsora ehtiyacım olmayıb. Çünki toylara getmişəm. Toylardan qazandığım pullarla özüm öz işlərimi görürdüm. Pul qazanıb mahnı almışam, oxumuşam, klip çəkdirmişəm, geyim almışam və s. Bu günə kimi heç vaxt kiminsə qapısını döyüb, bir manat istəməmişəm, nə də heç kim deyə bilməz ki, mən haçansa kiməsə pul verib efirə çıxmışam.

- Bir zamanlar İzzət Bağırovun yetərincə qız fanatları var idi. Onların arasında ən maraqlı təklif nə olub sizə? İndi rahatlıqla söyləmək olar məncə...

- Müğənninin hər bir yaşında uyğun fanatları olur. Bir də kişi müğənnilərin subay vaxtı qız fanatları daha çox olur. O fanatlar arasında səni sevən də olur, evlilik təklifi edən də. Həmin vaxtlar məktublar daha çox yazılırdı. İndiki kimi sosial şəbəkələr yox idi. Yadıma gəlir ki, o vaxt Nazim Abbas mənə zəng elədi ki, televiziyaya gəl. Otağına girəndə mənə 700-dən çox məktub verdi ki, bunlar televiziyanın poçtuna, amma sənin adına gəlib. Mən həmin məktubların hər birini bəlkə 20 dəfə oxumuşam. O məktublarda elə etiraflar var idi ki... Ürək şəkilləri, ürəyin ortasında ox şəkilləri, bıçaq şəkilləri, şam şəkilləri, daha sonra şəkillərimi alıb məktublara yapışdırıb, mənə göndərirdilər.

Mən özüm İbrahimin fanatı olmuşam. Fanat sözü çox yerə bölünür. Elə olub ki, fanatlarım mənlə şəkil çəkdirirdilər. Mən onları tanıyırdım. Zarafatyana deyirdim ki, ay qız, sənin mənlə nə qədər şəklin var? Deyirdi, İzzət bəy, bu kostyumla şəkliniz yoxdur. (Gülür). Hər kəs onu öz düşüncəsində istədiyi kimi canlandırır.

- Hər kəsin həyatında səhv olur. Bəs sizin ən böyük səhviniz?

- Səhvsiz insan yoxdur. Hətta peyğəmlərimizin də səhvi olub. Bunu kitablarda oxumuşuq, kinolarda görmüşük. Biz onsuz da gün ərzində o qədər səhv işlər görürük ki... Allah bizi böyük günahlardan qorusun. Elə günahlar var ki, onu bir zikr ilə yumaq olur, amma elə günahlar da var ki, gecə-gündüz səcdə də qalsan, yenə bağışlanmaz. Mənim də səhvlərim çox olub, amma tövbə etmişəm. Allaha üz tutmuşam, bağışlanmağını istəmişəm, namazlar qılmışam, hətta oruc tutub, özümə təsəlli bilmişəm ki, bəlkə Allah məni bağışlayar. Bir də günah yaşa baxmır. Ömrümüzün son gününə qədər səhvimiz olacaq.

 - Səhnəyə yeni gəlişiniz ərəfəsində fərqli geyim üslubunuz var idi. Geniş paltarları sevirdiniz. Hətta bu yaxında Ledi Qaqa da elə geyinmişdi. Feysbukda kollaj edib,  fotonuzla bərabər zarafatyana paylaşmışdılar ki, sizin o vaxtkı üslubunuzu oğurlayıb. Görmüşdünüzmü o fotonu? O vaxtkı üslubunuza baxanda indi nə düşünürsünüz, maraqlıdır.

- O vaxt elə dəb olub, elə də geyinmişəm. (Gülür). O dövrdə eyni şalvarlar, kostyumlar dəbdə idi. Biz məktəbdə oxuyanda uşaqlarla hətta bəhsə girərdik ki, kimin şalvarında xətti daha çoxdur, kimin şalvarı daha çox enlidi? Ancaq Ledi Qaqa çox gecikib. Mən yeddinci sinifdə oxuyanda elə geyinmişdim, Ledi Qaqa indi geyinir.

- Ümumiyyətlə, sosial şəbəkələrlə aranız necədi, aktiv istifadə edirsinizmi?

- Sosial şəbəkələrə həvəsim yoxdur. Bu yaxınlarda “İnstagram”a qayıtmışam. Amma yenə bağlaya bilərəm. Mən heç vaxt bəziləri kimi pul verib səhifə artırmamışam. Mənim heç “YouTube” kanalım da yox idi. Bir dəfə jurnalistlərdən biri dedi ki, niyə sənin mahnıların hərəsi bir səhifədədi. Özü də xeyli baxış sayları var. Ondan sonra özümə rəsmi “YouTube” kanalı açdım. Onu da deyim ki, səhifəmi işlədən başqa şəxsdi. Özüm də arada girirəm.

 - Deyəsən, 3 oğlunuz var. Allah saxlasın. Yəqin ki, qız övladı da istəyərdiniz. Ümumiyyətlə, son zamanlar qadınlara qarşı zorakılıq hallarının artmasını nə ilə əlaqələndirisiniz?

- Mənim üçün övladın fərqi yoxdur. Əsas odur ki, övlad düzgün böyüsün, tərbiyəsi düzgün olsun. Bu gün telefonda elə şeylər var ki, heç mən bilmirəm. Amma oğlum deyir, ata, ver düzəldim. Əslinə qalsa, bu mənim heç də xoşuma gəlmir. Bu gün təkcə qadın zorakılığı deyil, uşaq zorakılığı da çox yayılıb. Əsas da oğlan uşaqlarını pis yola, narkotikə məcbur edən insanlar var. Narkomaniya elə siqaret çəkməkdən başlayır. Mən özüm heç vaxt siqaret çəkməmişəm. Bir-iki dəfə olubsa, o da klipdə lazım olub deyə, çəkmişəm. İndi məktəb uşaqlarının əlində siqaret görürsən, dəhşətə gəlirsən. 14 yaşlı uşaq adamla elə danışır ki... Hələ evə sərxoş gələn uşaqları demirəm. Bütün azyaşlı uşaqlara qarşı belə zorakı halların qarşısı alınmalıdır. Hər şeyin başında internet durur. Qarşısını alan da yoxdur. Hər şey insanın öz əlindədir. Bunun necə qarşısını almamaq olar axı?! İnsan istəyəndə hər şey edə bilir. Çox istəyərdim ki, belə şeyləri internetə yerləşdirənlər məsuliyyətə cəlb olunsunlar. Niyə bunlara baxan kimsə yoxdur? Qarşısını alan yoxdur. Söz tapa bilmirəm sadəcə.

 

- Musiqidə səmimiyyət ən önəmli məqamdır. Səmimi olmayan bəstə də, ifa da sevilmir. Bu vərdişin gerçək həyatda köməyi dəyirmi sizə? İnsanların səmimi və ya qeyri-səmimi olmağını necə anlaya bilirsiniz?

- Mənim 42 yaşım var. İndi qarşımdakı insanın necə olduğunu ayırd edə bilmirəmsə, deməli mənim günahımdır. 1991-ci ildən efirlərdə olan adamam. Kimsəni tanıya bilməsəm, vay mənim halıma. Bəli, bu gün insanları tanımaq çətindir. Keçmişdə insanlara ikiüzlü deyirdilər, indi minsifətli deyirlər, çünki maska altından maska çıxır. İkiüzlü olanda bilirdin ki, cəhənnəmə, iki üzü var. Gəl indi minsifətdə bir düz əməl axtar tap. Məsələ budur.

- Şou-biznesdə dostunuz varmı?

- Ham ilə münasibətim yaxşıdır. Küsülü olduğum kimsə yoxdur. Aralarında 4-5 nəfər var ki, onlarla daha yaxınam. Rüfət Axundov,  Manaf Ağayev, Cavanşir Məmmədov, Nadir Qafarzadə, Niyam Selami.

- İndi qadınlı-kişili əksər sənət adamları plastik əməliyyatlara müraciət edirlər. Siz necə? Məsələn, saçınıza rəng qoyarsınızmı? Yaş artdıqca, üz cizgilərinizdə ortaya çıxan qüsurları cərrahi yolla aradan qaldırarsınızmı?

- Siz məndə plastik əməliyyatlıq nəsə görürsüz? Xarici aktyorlara baxırıq, üz-gözləri qırış içində. Amma filmə çəkilir. Yalnız bizim ölkədə bu psixologiya var ki, insan yaşlandıqdan sonra heç kimə lazım deyil. Türkiyənin özündə nə qədər yaşlı aktyorlar var ki, öz imicləri ilə yadda qalıblar.

Kimsə nəsə edirsə, özü bilər. Qarışmaq istəmirəm. Çünki, aralarında öz dostlarım da var. Etirazım yoxdur. Eybi yox, əsas odur ki, saç tökülməsin, amma ağarsın. Mənim ustadım Əlibaba Məmmədovun saçları ağappaqdı. Nəyi pisdir ki... Gələcəkdə bilmirəm nə olacaq. Amma böyük ehtimalla mən rəng qoymayacam. Mən hələ saçlarım ağaranda da filmə çəkiləcəm. O formada bir tarixdə qalmaq istəyirəm.

- Çəkildiyiniz  filmdə baş roldasız. Bu kimdəsə qıcıq yaratdımı, sizcə?

- Nahaq yerə kimdəsə qıcıq yaradıram. Kim istəyirsə, çəkilə bilər. Hər kəs öz yerinə görə çəkilir. 1994-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinə daxil olmuşam. Mənə Yaşar Nuri, Şəfiqə Məmmədova, Azər Mirzəyev, Azad Şükürov, Əliabbas Qədirov dərs keçib. Bu gün məni kinoda çəkilməyimə görə qınayanlara demək istəyirəm ki, əjdahalardan dərs almışam. Mənim bu sənətdə 30 ilim tamam olur. Çəkdiyim bütün kliplərin ssenari müəllifi özüməm. Mən bu işi bilən adamam.”Ümidlər puç olanda” filminin ssenari müəllifi özüməm. Bütün ssenari özümə aiddir, hekayə özümə aiddir, baş prodüser özüməm. Bəziləri kimi şunur daşıyanları, bu dostumun qızıdı, bu sevgilimdi deyə kimisə çəkməmişəm. Yetərincə bu sahədə peşəkar olanlar çəkilib. Sonra da deyirlər ki, filan serial uğurlu alınmadı. Əlbəttə, alınmaz. İndi çəkilən filmlərdə bir evdə 5 nəfər varsa, hərə bir ləhcə ilə danışır. Heç olmasa, dublaj edin bunu. Belə iş ortaya qoyanda çox kefiyyətsiz görünür.

- İndiki zamanda səhnədə elə bir müğənni varmı ki, ona qibtə edəsiniz?

- Qibtə Allaha edərlər. Sevdiyim müğənnilər var. Yəni onlar oxuyanda kanalı çevirmirəm. Maraqla baxıram.

- Bəs imkanınız olsaydı, kimlərin oxumağına qadağa qoyardınız?

- O qədər varki... Ad çəkmək istəmirəm. Hətta elə müğənnilər var ki, onların oxumağına güllələnmə düşür. Elə oxumaq olmaz. O cür oxumaq cinayətdir. Elə oxuyanlar başqa işlə məşğul olsalar, bəlkə daha yaxşı olar. Qəribəsi budur ki, elə oxuyanların mahnısı gəlib hit olur. Kütlə tərəfindən sevilir və gündəm olur. Amma onu deyim ki,  o cür mahnılar sevilə-sevilə baxılmır. Məhz tənqidi yanaşmadan, gülmək üçün girib baxırlar və beləcə baxış sayı artır. Həmin müğənni də elə bilir ki, bəli, bu mahnı sevilir deyə, bu qədər baxışı var.

- Son bir sual da verim. Həyatdakı İzzətlə müğənni İzzətin arasındakı fərq nədir?  Biz İzzəti necə tanımalıyıq?

- Həyatdakı İzzətlə səhnədəki İzzətin arasında yer-göy qədər fərq var. Mən səhnədə heç vaxt heç bir problemimi göstərmərəm. Mənim də o qədər problemlərim var ki... Amma bunu efirdə heç vaxt hiss elətdirməmişəm. Bundan sonra da heç vaxt hansısa problemimin efirdə işıqlanmasına şərait yaratmaram. Başqa cür başa düşərlər e. Bu gün kimsə efirə çıxıb dərdini danışanda o tanınmışa bir az pis baxırlar.

 

Gülnar Nazimqızı

Foto: Bəşir Əli

Müsahibə üçün bizə yaratdığı şəraitə görə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi,156 ünvanında yerləşən “Amara hotel”ə dərin minnətdarlığımızı bildiririk.

 


 









Redaktorun seçimi