Gəncədə XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sayit Yusuf, Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov və digər rəsmilər, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və çoxsaylı musiqisevərlər iştirak ediblər.
Festivalın bədii proqramında Azərbaycan, Türkiyə və Qırğızıstanın musiqi və rəqs kollektivləri çıxış ediblər. Qırğızıstan Respublikasının Bişkek şəhərində fəaliyyət göstərən "Seytek" Milli Uşaq və Gənclər Mərkəzinin "Ak-Niyyət" Xalq Xoreoqrafiya Ansamblının, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq Rəqsləri Ansamblının, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının, Estrada Ansamblının və "Xəmsə" ritm qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bədii hissədən sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sayit Yusuf çıxış edərək festivalın türk dünyasının ortaq mədəni irsinin tanıdılması, xalqlar arasında dostluq və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, festivalın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib və bu ənənənin gələcək illərdə də davam etdiriləcəyinə inandığını vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının ilk dəfə Gəncədə keçirilməsi şəhərin zəngin mədəni irsinə və yaradıcı potensialına verilən yüksək qiymətin göstəricisidir. O qeyd edib ki, müxtəlif ölkələrdən sənət adamlarını bir araya gətirən festival mədəniyyətlərarası dialoqun inkişafına, türk dünyası ilə digər xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir. Şəhər rəhbəri festivalın təşkilində əməyi olan bütün qurumlara və iştirakçılara təşəkkürünü bildirib.
Çıxışlardan sonra tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.
XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimindən sonra konsert proqramını izləməyə gələn Quru Qoşunlarının şəxsi heyəti üçün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tərəfindən çay süfrəsi təşkil olunub. Əsgərlərlə səmimi söhbət edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ötən gün doğum gününü qeyd edən hərbi qulluqçunu təbrik edərək ona xatirə hədiyyəsi təqdim edib.









































































