Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirib - ŞƏRH
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin 30 ilə yaxın davam edən işğala son qoyması ilə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına da zəmin yaratdı. Müharibədən sonrakı dövrdə Azərbaycan qarşısında yaranan imkanlardan səmərəli istifadə edərək həm beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirmək, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirmək istiqamətində mühüm addımlar atıb. Yeni nəqliyyat-kommunikasiya imkanları, Orta Dəhlizin əhəmiyyətinin artması, regional əməkdaşlıq perspektivləri və Böyük Qayıdış prosesi postmüharibə strategiyasının əsas istiqamətlərini təşkil edir. Bütün bunlar Azərbaycanın yalnız müharibədən sonrakı dövrün çağırışlarına uyğunlaşmadığını, eyni zamanda, yeni inkişaf mərhələsinin əsasını qoyduğunu göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hazırkı mərhələni postmüharibə dövrü kimi qiymətləndirsək, bu zaman Azərbaycanın qarşısında iki istiqamətdə böyük nailiyyətlər əldə etmək potensialının yarandığını görmək mümkündür. Bu istiqamətlərdən biri xarici siyasətlə bağlıdır. Çünki müharibədən sonra yeni kommunikasiya imkanlarının, Zəngəzur dəhlizinin açılması perspektivinin yaranması Orta Dəhliz istiqamətində yeni imkanlar formalaşdırdı. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində faktiki olaraq yeni statusunu və rolunu müəyyənləşdirdi.
“Son beş ilin dinamikasına nəzər salsaq, istər Avropa, istər Asiya, istərsə də Mərkəzi Asiya istiqamətində Azərbaycanın diplomatik fəallığının və beynəlxalq əlaqələrinin nə qədər genişləndiyini görə bilərik. Bu proseslərin bir qismi Azərbaycanın təşəbbüsləri, digər qismi isə Cənub-Şərqi Asiya və Avropa istiqamətindəki ölkələrin təşəbbüsləri nəticəsində baş verib. Bütün bunlar Azərbaycanın geostrateji cazibə mərkəzinə çevrildiyini göstərir”, – deyə Hikmət Babaoğlu vurğulayıb.
H.Babaoğlu postmüharibə dövrünün ikinci mühüm istiqamətinin Böyük Qayıdış olduğunu diqqətə çatdırıb. O bildirib ki, xalqımızın doğma torpaqlara qayıtmaq arzusu artıq reallığa çevrilib. Lakin bu prosesə yalnız mənəvi və humanitar hadisə kimi yanaşmaq düzgün olmazdı. Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının böyüməsi, aqrar sektorun inkişafı, yeni iş yerlərinin açılması və yeni intibah dövrünün başlanması deməkdir. Başqa sözlə, Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirməyi bacarıb. Bu istiqamətdə atılan addımlar da milli dövlətimizin gələcəyi və xalqımızın inkişafı baxımından mühüm strateji xarakter daşıyır. Regionda davamlı sülhün uzunmüddətli olması üçün ilk növbədə iqtisadi sabitlik və rifah təmin edilməlidir. İqtisadi sabitliyin və rifahın əsasını isə kommunikasiyalar, sənaye, istehsal müəssisələri və region ölkələrinin qarşılıqlı maraqlarının təmin olunması təşkil edir.
“Sülh iqtisadi sabitliyin və rifahın olduğu yerdə mümkündür. İqtisadi sabitliyin və rifahın əsasını isə kommunikasiyalar, sənaye, istehsal müəssisələri və bütün tərəflərin maraqlarının təmin olunması təşkil edir. Azərbaycan elə bir platforma yaradıb ki, burada işğalçı Ermənistanın özü də regional kommunikasiyaların açılmasında iqtisadi baxımdan maraqlıdır. Eyni zamanda, Azərbaycanın əməkdaşlığa cəlb etdiyi digər ölkələr, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər, hətta uzaq Çindən Böyük Britaniyaya qədər çoxsaylı ölkələr Böyük İpək Yolunun və Orta Dəhlizin inkişafında maraqlıdırlar. Məhz bu qarşılıqlı iqtisadi maraqlar davamlı sülhün təmin olunması üçün fundamental əsaslar yaradır. Bu proses, eyni zamanda, regionda iqtisadi dirçəlişə və yeni rifah mühitinin formalaşmasına xidmət edəcək”, – deyə Hikmət Babaoğlu əlavə edib.




































































