Deputat: Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Belə ki, 1994 və 1998-ci illərdəki sənədlərin davamı olaraq imzalanan yeni bəyannamə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə edir. Bəyannamənin əsas siyasi mesajlarından biri isə beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir. Bəyannamədə, həmçinin müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Buraya hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir.
“Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər sırasında yer alır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələri əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət çəkir. Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində və Orta Dəhliz marşrutunda artan rolu ölkənin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir. Bu kontekstdə Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər.
Bəyannamənin üçüncü əsas istiqaməti təhsil, elm, innovasiya və texnologiya sahələrini əhatə edir. Ali və peşə təhsili, kadr hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim proqramları, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq imkanları sənəddə xüsusi yer tutur. Birləşmiş Krallıq Universitetləri qlobal reytinqdə ön sıralardadır və xaricdə təhsil sahəsində Azərbaycandan olan gənclər bu ölkədə təhsil almağa üstünlük verirlər. Bu baxımdan, Azərbaycan və Böyük Britaniya universitetləri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər”, - deyə deputat bildirib.
Pərvanə Vəliyeva əlavə edib ki, Birgə Bəyannamə əməkdaşlığın üç əsas istiqamətini - təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilən məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq.



































































