Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır - Nigar Arpadarai
Azərbaycan nümayəndə heyəti ilk gündən Türkiyənin COP31 sədrliyinə köməklik göstərir. Həm müzakirələr səviyyəsində, həm “iqlim çempionu” komandamız olaraq, həm də təcrübə baxımından iqlim sammitində bilavasitə iştirak edərək, COP31-ə töhfə verməyə çalışırıq.
Bunu AZƏRTAC-a açıqlamasında COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.
Azərbaycan pavilyonunda təşkil edilən müzakirələri dəyərləndirən N.Arpadarai noyabrın 12-də baş tutan sessiyada özəl sektorun iqlim prosesində iştirakı məsələsinin diqqət mərkəzində olduğunu qeyd edib.
“Bu gün COP31-də keçirilən maraqlı diskussiyada müxtəlif şirkətlərin rəhbərləri iştirak ediblər. Bu müzakirələr COP31-in məqsədləri ilə də üst-üstə düşür”, - deyən N.Arpadarai COP29 komandası olaraq vaxtilə həm özəl sektor, həm də qeyri-dövlət aktorları ilə yaxından əməkdaşlıq etdiklərini xatırladıb.
“O zaman mindən çox şirkət rəhbərini Bakıya dəvət edərək böyük biznes-forumu keçirmişdik. Bununla yanaşı, üç il boyunca Bakı İqlim Fəaliyyəti Həftəsi təşkil etdik. Orada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, QHT, biznes və gənclərin iştirak etməsinə çalışdıq”, - deyə deputat qeyd edib.
Növbəti COP-un Afrikada keçiriləcəyini bildirən N.Arpadarai “Biz Efiopiya komandasına da yaxından kömək etməyi hədəfləyirik”, - deyə əlavə edib.



































































