Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib.
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.

































































