Ermənistan hümanistik nümayiş etdirib mina xəritələrini Azərbaycana təhvil verməlidir
Bu gün paytaxt Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Prezident İlham Əliyevin konfransının iştirakçılarına ünvanladığı müraciətdə vurğulanıb ki, Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib. Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov XQ-yə açıqlamasında bildirdi ki, təəssüflər olsun, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işləri miqyasına görə kifayət qədər böyük olsa da, amma onu çətinləşdirən bəzi amillər var ki, bu amillər arasında mina terroru açıq-aşkar özünü büruzə verməkdədir. Bu, çox böyük təhlükələr yaradır, həm o bərpa-quruculuq işlərini həyata keçirən qurumlar, həm də həmin ərazilərə qayıdışı təmin edilən keçmiş məcburi köçkünlər üçün.
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi çox böyük problemlərdən biri məhz mina terrorudur və yenə də təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan bu məsələdə Azərbaycanla əməkdaşlıq etmir. Hətta bir sıra xarici ölkələr var ki, hansılar ki, onlar zaman-zaman mina terroru ilə bağlı vaxtilə həyəcan təbili çalsalar da belə, amma Ermənistanı bu məsələdə daha məsuliyyətli davranmağa yönəlik hər hansı bir fəaliyyət göstərmirlər. Və nəticə etibarilə basdırılmış minaların xəritəsini özündə saxlayan Ermənistan, deməli, bu xəritələri Azərbaycan tərəfilə bölüşmürlər və bu da həyata keçirilən bərpa-quruculuq işlərinə çox ciddi maneə törədir. İndi düzdür, dövlət qurumları, sonra müxtəlif beynəlxalq təşkilatlar yerli icmalarla çox sıx şəkildə əməkdaşlıq edirlər, müəyyən maarifləndirmə tədbirləri həyata keçirirlər, amma bununla yanaşı, prosesi sürətləndirə biləcək olan məsələ məhz basdırılmış minaların xəritələrinin verilməsidir. Bu, nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında bu gün çox ciddi bir münasibətlərin normallaşması istiqamətində addımlar atılmaqdadır və hətta iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin paraflanması da baş veribdir. Amma Ermənistan məhz elə o sənədin ruhundan irəli gələrək, eyni zamanda Azərbaycanın sülh gündəliyinə, sadiqliyinin nəzərə almadan hər hansı bir addımlar atmır bu istiqamətdə və nəticə etibarilə mina xəritələrini özündə saxlayır. Hətta müəyyən bir dövrlərdə müəyyən cəhdlər edilmişdi, guya ki, bəzi ərazilərin mina xəritələri verildi. Məlum oldu ki, bu xəritələr heç də həqiqətə uyğun deyil. Əsl xəritələri Ermənistanın aidiyyəti strukturları özündə saxlamaqla nəticə etibarilə ölkəmizə qarşı həyata keçirdiyi mina terroru fəaliyyətini davam etdirməkdədir.
Deputat hesab edir ki, burda həm də önəmli olan məsələ onunla əlaqədardır ki, ümumiyyətlə Ermənistan beynəlxalq hüququn və eyni zamanda humanitar hüququn tələblərindən irəli faktiiki olaraq o mina xəritələrini bir qayda olaraq verməlidir və nəticə etibarilə, qeyd etdiyimiz kimi, bu həm də iki dövlət arasında etimad quruculuğunu kifayət qədər möhkəmləndirəcək bir addım ola bilər.
Nəzərə alsaq ki, ümumiyyətlə bu mina ilə bağlı olan məsələ, yəni beynəlxalq təcrübədə də bu özünü göstərir, zamanında münaqişə və müharibə şəraitində olan dövlətlər humanitar prinsiplərə sadiqliyini nümayiş etdirmək üçün ən azından bu kimi mövzularda daha hümanist davranırlar. Misal üçün, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hərbi əməliyyatlar zamanı Azərbaycan ərazisində həlak olmuş Ermənistan Respublikasının hərbçilərinin, silahlı qüvvələrinin təmsil edən şəxslərin cəsədlərinin aşkarlanması və Ermənistan tərəfinə təhvil verilməsi istiqamətində mühüm addımlar atdı. Amma biz Ermənistanın davranışında buna bənzər bir hallara rast gəlmədik. Əksinə, 44 günlük Vətən müharibəsindən sonra yaranmış fürsətdən yararlanan separatçı rejimin təmsilçiləri hələ nəzarət altında saxladıqları ərazilərdə 1 milyondan çox minanın basdırılmasına müvəffəq oldular.
Yeri gəlmişkən, aşkarlanan minaların da spesifikasiyasına və xüsusiyyətinə nəzər saldıqda görmək olur ki, o minaların böyük əksəriyyəti 2021, 2022-ci illərdə Ermənistan Respublikasının ərazisində fəaliyyət göstərən zavodlarda istehsal olunub və bu da nəticə etibarilə bir daha onu göstərir ki, Ermənistan imzaladığı üçtərəfli bəyanata da zidd olaraq fəaliyyətini sonrakı mərhələdə davam etdirmiş və bu kimi işləri həyata keçirən separatçı rejimin, mina basdırmaqla bağlı olan fəaliyyətinin qarşısını almamışdır. Bu da nəticə etibarilə Ermənistana olan yaxud bəslənəcək etimadın çox zəif olmasını şərtləndirir.
A.Allahverənov daha sonra bildirdi ki, indidən belə də əgər nəzərə alsaq ki, Azərbaycan Ermənistan üçün önəmli olan kritik məhsulların öz ərazisindən tranzit yük olaraq Ermənistana daşınmasını təmin edir. Azərbaycanın həmçinin də benzinin, dizelin Ermənistana çatdırılması üçün mühüm işlər həyata keçirir. Ermənistan tərəfi bunu ən azından nəzərə almalı və yenə də humanitar hüququn tələblərindən irəli gələrək hümanistik nümayiş etdirib mina xəritələrini Azərbaycan tərəfinə təhvil verməlidirlər.
Yeri gəlmişkən, indi burada da bir niyyət şübhəsiz ki, özünü çox qabarıq şəkildə büruzə verir. Mina xəritələri nə üçün təhvil verilmir? O səbəbdən ki, bərpa-quruculuq işlərinin və həmin ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılmasını əngəlləmiş ya da çətinləşdirmiş olurlar. Yəni yalnız bu niyyətlə mina xəritələri verilməyə bilər. Amma yenə də burda artıq Azərbaycan çox ciddi bir işlər həyata keçirməkdədir və birmənalı şəkildə Azərbaycanın bu kimi fəaliyyəti həm də beynəlxalq ictimaiyyət tərəfindən çox geniş şəkildə dəstəklənməlidir və müəyyən hansısa bir separatçı bir niyyəti olan bir qüvvələr də varsa, onların da Ermənistan cəmiyyətində mövcudluğu barədə də müəyyən fikir yürüdülə bilər. Böyük ehtimalla mina xəritələrinin verilməməsi həm də müəyyən mənada həmin o dairələrin maraqları ilə üst-üstə düşdüyünü güman edə bilərik ki, bu da heç də Nikol Paşinyan və onun komandası ilə bağlı hansısa bir xoş təəssüratın, yaradılmasını əngəlləyir. Deputat hesab edir ki, Paşinyan məhz iki ölkə arasında qurulan prosesin ruhuna adekvat olaraq, ən azından mina xəritələrinin verilməsi üçün güc strukturları daha da məsuliyyətli davranmağa nail olmalıdır. Çünki indi, Cənubi Qafqaz bölgəsi tamamilə fərqli bir siyasi reallığa daxil olub və burada da konstruktiv əməkdaşlıq, eyni zamanda dayanıqlı sülh və təhlükəsizlikdən irəli gələ bilər ki, mina terrorunun mövcudluğu təhlükəsizlik baxımından çox ciddi bir problem olaraq özünü büruzə verməkdədir. Və dayanıqlı inkişafda maraqlı olan Ermənistan ən azından bu problemi də aradan qaldırmaq üçün zəruri addımlar atmalıdır.







































































