Azərbaycan və Çin prokurorluqları arasında Memorandum imzalanıb
Avqustun 31-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonq arasında iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dövlət başçılarının siyasi iradəsinə və möhkəm etimada əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında formalaşmış yüksək səviyyəli etimad və siyasi iradə iki ölkə arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mühüm əsas təşkil edir.
Azərbaycan və Çin arasında münasibətlərin etimad, bərabərlik, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb. Çin Xalq Respublikasının müxtəlif beynəlxalq platformalarda Azərbaycan Respublikasının mövqeyinə və irəli sürdüyü təşəbbüslərə göstərdiyi ardıcıl dəstək yüksək qiymətləndirilib.



































































