Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır - ŞƏRH
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə formalaşan münasibətlərin yeni mərhələsini nümayiş etdirən mühüm siyasi hadisədir. Səfərin gündəliyi və səsləndirilən mesajlar göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hüdudlarını aşaraq konkret iqtisadi maraqlar, qarşılıqlı investisiyalar, nəqliyyat bağlantıları, regional təhlükəsizlik və beynəlxalq siyasi koordinasiya üzərində qurulan hərtərəfli müttəfiqlik modelinə çevrilib. İki ölkə arasında münasibətlərin sürətli inkişafını şərtləndirən başlıca amillərdən biri tərəflərin bir-birinin iqtisadi və siyasi potensialını tamamlayan inkişaf modelinə malik olmasıdır. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Özbəkistanın son illərdə iqtisadiyyatını şaxələndirməsi, sənaye və kənd təsərrüfatını inkişaf etdirməsi, infrastruktur imkanlarını genişləndirməsi və beynəlxalq mövqelərini möhkəmləndirməsi Azərbaycan üçün yalnız dost ölkənin uğuru deyil, eyni zamanda, etibarlı və potensialı artan strateji tərəfdaşın təsir imkanlarını genişləndirməsi deməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O, həmçinin bildirib ki, Bakı-Daşkənd münasibətlərinin əsas üstünlüyü siyasi etimadın iqtisadi maraqlarla üst-üstə düşməsidir. Son beş ildə qarşılıqlı ticarətin üç dəfə artması, birgə layihələr portfelinin 5 milyard dolları aşması və tərəflərin yaxın perspektivdə 1 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı real hədəf kimi müəyyənləşdirməsi münasibətlərin artıq siyasi bəyanatlar mərhələsindən konkret iqtisadi nəticələr mərhələsinə keçdiyini göstərir. Bunun üçün ayrıca proqramın qəbul edilməsi də mühüm məqamdır. Beləliklə, 1 milyard dollarlıq göstərici önəmli strateji iqtisadi hədəf kimi çıxış edir. Burada Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Şirkətinin rolu xüsusi əhəmiyyət daşıyır. 500 milyon dollarlıq fondun imkanlarının daha fəal şəkildə istifadəsi qarşılıqlı investisiyaların ticarət əlaqələrini qabaqlayan yeni mərhələyə keçməsi üçün institusional baza yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fondun çərçivəsində müəyyənləşdirilən layihələrin ümumi investisiya potensialı onun nominal həcmindən daha böyükdür. Bu isə münasibətlərin, sadəcə, məhsul və xidmət mübadiləsinə deyil, istehsal zəncirlərinin, müəssisələrin və uzunmüddətli kapital əlaqələrinin formalaşmasına istiqamətləndiyini göstərir.
"Əməkdaşlığın coğrafiyası da diqqətçəkən dərəcədə genişlənir. Energetika, neft-qaz, kimya, kənd təsərrüfatı, dağ-mədən, tikinti, maliyyə, turizm, avtomobil sənayesi və digər sahələrdə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarından istifadə etməyə başladığını göstərir. Səfər zamanı bankçılıq, tikinti materialları, təhsil, neft-qaz, turizm, yaşayış və kənd təsərrüfatı sahələrində yeni birgə layihələrin işə salınması bu tendensiyanın davamlı xarakter daşıdığını təsdiqləyən mühüm məqamdır. Digər tərəfdən isə Özbəkistanın böyük daxili bazarı, iqtisadi potensialı və Mərkəzi Asiyanın mərkəzində yerləşməsi Azərbaycan şirkətləri üçün yalnız ikitərəfli ticarət imkanları yaratmır. Daşkəndlə möhkəmlənən tərəfdaşlıq Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər regional bazarlarla əlaqələrinin genişləndirilməsi üçün də əlavə imkan yaradır. Eyni zamanda, Özbəkistan üçün Azərbaycan Xəzər dənizi üzərindən Qafqaz və Avropa bazarlarına çıxış baxımından mühüm strateji bağlantı rolunu oynayır. Beləliklə də, nəqliyyat amili Bakı–Daşkənd münasibətlərinin geosiyasi əhəmiyyətini daha da artırır. Özbəkistanın Orta Dəhlizə marağı ilə Azərbaycanın tranzit imkanlarının uzlaşdırılması iki ölkənin coğrafi məsafəsini iqtisadi üstünlüyə çevirir. Azərbaycan ərazisindən Özbəkistan yüklərinin daşınmasının artması, Xəzərdə Özbəkistan üçün bərə imkanlarının genişləndirilməsi və ayrıca Özbəkistan–Azərbaycan nəqliyyat bağlantısının formalaşdırılması təşəbbüsləri bu istiqamətdə praktiki məzmun daşıyır. Həmçinin Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində apardığı işlər də daha geniş regional bağlantı siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Naxçıvan istiqamətində yeni bağlantıların yaradılması Orta Dəhlizin yalnız Xəzər üzərindən deyil, Cənubi Qafqazın yeni nəqliyyat imkanları hesabına şaxələndirilməsi perspektivini gücləndirir. Belə bir sistemin formalaşması Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış marşrutlarının diversifikasiyası, Azərbaycan üçün isə tranzit və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir", - deyə A.Qurbanova vurğulayıb.
































































