Azər Allahverənov: “Bu fəaliyyət iki ölkə arasında münasibətlərin pozulmasına hesablanıb”

Hit: 160
Azər Allahverənov: “Bu fəaliyyət iki ölkə arasında münasibətlərin pozulmasına hesablanıb”
Azərbaycan Mətbuat Şurası Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqiramiz və təhdid xarakterli materialların yayılmasını qətiyyətlə pisləyib. Şura hesab edir ki, bu cür hallar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna və media əlaqələrinə zidd olmaqla yanaşı, sivil jurnalistika prinsiplərinə və etik normalara da uyğun deyil. Mətbuat Şurası Rusiya media ictimaiyyətini belə halların qarşısının alınması və iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirən materiallarla bağlı ciddi tədbirlər görülməsinə çağırıb.
 
Rusiyanın bəzi KİV-lərində Azərbaycana qarşı təhqiramiz və təhdid xarakterli materialların sistemli şəkildə yayılması iki ölkə münasibətlərinə necə təsir göstərə bilər?
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı yer alan təhqiramiz və təhdid xarakterli materialların yenidən gündəmə gətirilməsi, ilk növbədə, ölkəmizə qarşı informasiya müstəvisində törədilən növbəti təxribat kimi dəyərləndirilməlidir. Çünki iki dövlət arasında olan münasibətlər kifayət qədər strateji xarakterə malik olsa da, müəyyən dövrlərdə çox çətin mərhələlərdən keçib və bəzi hallarda hətta bu sabitliyin qorunub saxlanılması əlavə səy və siyasi iradənin sərgilənməsini zəruri edib. Bu da istər-istəməz iki ölkə arasında münasibətlərin daha konstruktiv və qarşılıqlı hörmət prinsiplərinə söykənən tərzdə davam etdirilməsini şərtləndirib.
 
Deputatın fikrincə, amma Rusiyanın özündə bəzi dairələr var ki, onlar müxtəlif platformalardan istifadə edərək ölkəmizə qarşı bu təxribat xarakterli fəaliyyətlərini hər zaman davam etdirməkdə maraqlı olublar.
 
“Xüsusilə də söhbət informasiya müstəvisindən gedirsə, burada önəmli olan məsələ həmin informasiya subyektlərinin mənsub olduğu və bağlı olduğu siyasi dairələrdir. Onlar birmənalı şəkildə bu mövzunu gündəmdə saxlamaqla yanaşı, iki ölkə arasında münasibətlərin korlanmasına səbəb ola biləcək fəaliyyət sərgiləyirlər ki, bu da həmin dairələrin müəyyən maraqlarına cavab verən bir yanaşmadır.
 
Biz media sahəsinin məhz müəyyən bir seqmentinin anti-Azərbaycan qüvvələrinin əlində olduğunu bir növ xatırlasaq, görə bilərik ki, iki ölkə arasında hansısa emosional müstəvidə çətin anlar yaşansa belə, dərhal dövriyyəyə bu fürsətdən istifadə etmək istəyən həmin qüvvələr çıxır”, - deyə deputat bildirib.
 
Deputatın fikrincə, Azərbaycanın bütövlükdə bu bölgə ilə bağlı, eyni zamanda Rusiyanın müəyyən səviyyələrdə maraqları ilə kəsişən mövzularda fəallıq nümayiş etdirməsi əlavə bir gərginliyə, daha doğrusu, əlavə neqativ fonun məhz həmin dairələr tərəfindən formalaşdırılmasına səbəb olur. Burada elə bir təəssürat yaranır ki, onlar mövcud vəziyyətdən maksimum şəkildə öz merkantil maraqlarının təmin olunması üçün istifadə etməyə çalışırlar.
 
“Söhbət “Moskva 24”dən gedirsə, ayrı-ayrı dairələrə bağlı olan politoloqların və ya ekspertlərin Azərbaycana qarşı təhqiramiz fikir sərgiləməsi, Azərbaycanı təhdid etməsi, ümumiyyətlə, cinayət tərkibli əməl kimi dəyərləndirilə bilər. Ən azı Rusiyanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçməli və nəticə etibarilə həmin fikirləri dilə gətirənlərə qarşı cinayət işlərinin açılmasına nail olmalıdırlar. Cinayət işləri açılmalıdır ki, ən azı həmin şəxslərin məsuliyyətə cəlb olunması baş versin.
 
Belə olduğu təqdirdə biz yenə də Rusiyada məhz qanunun aliliyinin təmin olunduğunu görmüş olarıq. Bu da digər dairələr üçün bir növ siqnal olsun ki, bu şəkildə təxribat xarakterli fəaliyyətin, xüsusilə də strateji tərəfdaş olan Azərbaycana qarşı sərgilənməsi yolverilməzdir”, - deyə deputat bildirib.
 
Belə halların qarşısının alınmasına gəldikdə isə, deputat deyib ki, Azərbaycan Mətbuat Şurasının çağırış etməsi, sonra da Azərbaycan Baş Prokurorluğunun həmin şəxslərlə bağlı İnterpola müraciət etməsi müəyyən mənada həmin dairələri daha məsuliyyətli davranmağa vadar edə bilər. Bu da nəticə etibarilə real təsirin göstərilməsi kimi dəyərləndirilə bilər.
 
“Amma mən təxmin edə bilərəm ki, zaman-zaman həmin dairələrin təsiri altında fəaliyyət göstərən media subyektlərində bu kimi mövzuların hələ uzun müddət dilə gətirildiyini görəcəyik. Çünki burada birmənalı şəkildə ölkənin ali siyasi rəhbərliyi hadisəyə müdaxilə etdikdə bu kimi təhdidlərin qarşısı alına bilər.
 
Nəzərə alsaq ki, söhbət “Moskva 24” və bu kimi fəaliyyət həyata keçirən digər media platformalarından gedir və bu media platformalarının da Kremlin müəyyən qüllələrinə bağlı olduğunu təsəvvür etsək, onda gözləniləndir ki, məhz Rusiyanın daxilində gedən hakimiyyət çəkişmələri, xüsusilə də siyasi opponent olan həmin dairələrə qarşı digər dairələrin fəallaşması və nəticə etibarilə iki ölkə arasında münasibətlərin pozulmasına hesablanmış bu kimi fəaliyyətlər olacaq.
 
İstər-istəməz, belə bir nəticəyə gəlmək olar ki, onlar bu kimi fəaliyyətləri sərgiləməklə iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olmağa çalışırlar. Belə olduğu təqdirdə isə gözləniləndir ki, bu fəaliyyət davam etdirilsin”, - deyə o bildirib.
 
Deputat hesab edir ki, nə qədər çətin olsa da, yenə də ümid bəsləmək lazımdır ki, məhz Rusiyanın Prezident Administrasiyası səviyyəsində hadisələrə müdaxilə nəticə etibarilə bu təhdid dolu informasiya axınının qarşısını alacaqdır.
 
Bu da nəticə etibarilə media müstəvisində formalaşmaqda olan neqativ fonun təsirini heçə endirəcəkdir.






Redaktorun seçimi