8 Avqust - Cənubi Qafqazda yeni sülh arxitekturasının başlanğıcı - ŞƏRH
ABŞ, Ermənistan və Azərbaycan arasında Ağ Evdə keçirilmiş Sülh Sammitinin birinci ildönümü münasibətilə yayılan Birgə Bəyanat 2025-ci il avqustun 8-də əldə olunmuş razılaşmaların tarixi və siyasi əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda, sənədlərin imzalanmasından ötən bir il ərzində Azərbaycan və Ermənistan arasında sülhün, etimadın və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılmış addımların aydın mənzərəsini ortaya qoyur. Otuz il ərzində münaqişə və düşmənçilik şəraitində yaşamış iki ölkənin münasibətlərini qısa müddətdə tamamilə normallaşdırması, təbii ki, asan məsələ deyil. Belə uzunmüddətli qarşıdurmadan sonra sülhün yalnız sənədlərdə deyil, real həyatda da möhkəmləndirilməsi üçün zaman, siyasi iradə və qarşılıqlı etimad tələb olunur. Bu baxımdan ABŞ-nin prosesdə iştirakı və tərəflər arasında balanslı münasibətlərin formalaşdırılmasına verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Vaşinqtonda imzalanmış sənədlərin birinci ildönümü münasibətilə yayılan Birgə Bəyanatda əldə olunmuş nəticələrdən dərin qürur hissi ifadə edilir və onilliklər boyu davam edən münaqişəyə son qoyan bu təməl üzərində irəliləmək əzmi vurğulanır. Ən başlıcası isə sənəddə Cənubi Qafqazın daha firavan, təhlükəsiz və inteqrasiya olunmuş gələcəyə doğru aparılması istiqamətində ortaq siyasi iradə nümayiş etdirilir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, silahlı qarşıdurmaların və geosiyasi gərginliyin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında formalaşan yeni sülh reallığı xüsusi əhəmiyyət kəsb edir. Onilliklər boyu müharibə vəziyyətində olmuş, bir-birinə qarşı düşmən mövqedə dayanmış iki ölkənin cəmi bir il ərzində münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atması Cənubi Qafqaz üçün tamamilə yeni siyasi reallıq yaradıb.
Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan əldə olunmuş sülh razılaşmasının əhəmiyyətini yüksək qiymətləndirir və sülhün daha da möhkəmləndirilməsi istiqamətində addımlarını davam etdirməkdə qərarlıdırlar. Bu prosesdə ABŞ-nin və xüsusilə Prezident Donald Trampın siyasi rolunu qeyd etmək vacibdir. Uzun illər ərzində həllini tapmayan və regionun inkişafına ciddi maneə yaradan bir münaqişənin sülh gündəliyinə gətirilməsi istiqamətində göstərilən siyasi səylər diqqətəlayiqdir. Məhz bu baxımdan Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin və ya bu mükafata layiq görülməsi məsələsinin gündəmə gətirilməsi də siyasi müstəvidə xüsusi əhəmiyyət daşıyır. Ağ Evdə Donald Trampın iştirakı ilə imzalanmış sənədlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün konkret yol xəritəsi formalaşdırıb. Ötən bir il ərzində bu yol xəritəsinin ayrı-ayrı istiqamətləri üzrə mühüm nəticələr əldə olunması isə sənədlərin yalnız siyasi deklarasiya olmadığını, real proseslərin başlanmasına təkan verdiyini göstərir. Ən mühüm məqamlardan biri Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin qorunmasıdır. Ötən bir il ərzində tərəflər sərhəddə sabitliyin təmin edilməsi, delimitasiya prosesinin davam etdirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atıblar. Bu isə uzun illər ərzində qarşıdurma və gərginlik mənbəyi olmuş sərhədin tədricən əməkdaşlıq və sabitlik məkanına çevrilməsi baxımından mühüm nəticədir.
ABŞ-nin Azərbaycan və Ermənistanla Strateji Tərəfdaşlıq haqqında xartiyalar imzalaması da yeni mərhələnin mühüm elementlərindəndir. Bu sənədlər enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt, yarımkeçiricilər, innovasiyalar və mühüm mineral ehtiyatlar kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. İqtisadi əməkdaşlığın genişləndirilməsi isə sülh prosesinin ən mühüm dayaqlarından biridir.
Azər Badamov diqqətə çatdırıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər sadəcə bir tarixi hadisənin ifadəsi deyil. Bu sənədlər Cənubi Qafqazın gələcək inkişafı üçün yeni siyasi və iqtisadi arxitekturanın əsasını qoyub. Bu gün həmin arxitektura üzərində yeni münasibətlər sistemi formalaşır. Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat və enerji kommunikasiyalarının açılması, ticarət əlaqələrinin genişləndirilməsi və ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi regionun gələcəyi üçün yeni imkanlar yaradır. Ən vacibi isə budur ki, 30 il ərzində münaqişə və qarşıdurma ilə assosiasiya olunan Cənubi Qafqaz indi əməkdaşlıq, bağlantı və iqtisadi inkişaf gündəliyinə doğru irəliləyir.
































































